Sülh sazişi düyünə düşüb

Birgə bəyannamədən 10 ay vaxt keçir, Rusiya səssizdir

Ekspertlərin iddiasına görə, Ermənistan yeni şərtlərlə masaya qayıtmağa çalışır


Rusiya Xarici İşlər Nazirliyi vaxtaşırı üçtərəfli razılaşmaların yerinə yetirilməsinə çağırışlar edir. Ancaq 10 noyabr birgə bəyannaməsindən on ay keçməsinə baxmayaraq, Rusiya konkret addımlar atmır. Daha doğrusu, bu istiqamətdə çalışmaların  başlanması üçün İrəvana təsir etmir. Moskvanın “üçtərəfli bəyannamələrə əməl olunmalıdır” tipli açıqlamaları sadəcə manipulyasiyadır və məqsəd mövcud situasiyanı qorumaqdan ibarətdir. Bu fonda Ermənistan tərəfindən sərhəddə gərginliyin davam etdirilməsi də razılaşmaların həllini gecikdirməkdədir. 

Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın məqsədi vaxt qazanmaq və Qərbin bölgədə iştirakına nail olmaqla Qarabağın “status” məsələsini yenidən gündəmə daşımaqdır. Ekspertin sözlərinə görə, bu da regional əməkdaşlığın başlamasını sabotaj etməkdir:

“Rusiya Ermənistana üçtərəfli razılaşmalarla bağlı təzyiq etmədiyi üçün Paşinyan “müstəqil” hərəkət edir. Halbuki, Rusiyanın əlində kifayət qədər təzyiq rıçaqları var ki, Paşinyan mümkün razılaşmalara getsin. Müharibədən sonra Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin birgə iştirakı ilə üçtərəfli komissiya təşkil olundu. Mart ayında tərəflər konkret təkliflərlə işə başlamalı idilər. Göründüyü kimi birgə komissiya öz işini dayandırıb. Demək olar ki, Ermənistan mövcud vəziyyəti müharibə vəziyyətinə gətirib çıxarıb. Halbuki, 10 noyabr birgə Bəyannaməsi barışığa və əməkdaşlığın əsasını qoyan bir sənəddir”. 

Analitikin fikrincə, Ermənistan yeni şərtlərlə masaya qayıtmağa çalışır:

“Ermənistan 10 noyabr və 11 yanvar razılaşmalarını o halda yerinə yetirməyə hazır olduğunu qeyd edir ki, Azərbaycan öz sərhədlərindən ordunu geri çəksin və Qarabağın “status”u ilə bağlı danışıqlara başlansın. Bu isə Ermənistanın öz imzasından imtina etməsi anlamına gəlir. Təbii ki, Azərbaycan Ermənistanın heç bir şərtini qəbul etməyəcək. Paşinyanın imza atdığı sənədə əməl etmək istəməməsinin arxasında isə Fransa durur. Lakin gec-tez rəsmi Bakı istədiyini alacaq. Paşinyanı şərtlərimizə əməl etməyə məcbur qoyacağıq”.