Ermənistanın “sentyabr sindromu”: Gərginlik artır

Sentyabrın 5-i saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.
"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - məlumatda vurğulanıb.
 Ermənistanın hərbi təxribatları son zamanlar intensivləşib. Bunun rəsmi İrəvanla Paris və Vaşinqton arasında hərbi əməkdaşlığın gücləndiyi vaxta düşməsini təsadüfi hesab etmirəm. Çox güman, Ermənistanın artan hərbi provokasiyalarının arxasında məhz adı çəkilən Qərb dövlətləri dayanır. 
 Maraqlıdır ki, son zamanlar Bakı- Ankara- Moskva- İrəvan dördtərəfli təmasları gücləndirilib. Bu, Cənubi Qafqaza sülhün gəlməsi baxımından mühüm əhəmiyyətə malikdir. Görünən odur ki, dördtərəfli  təmaslar, doğrudan da, nəticə verir. Bu, Azərbaycanla Ermənistan arasında müəyyən razılıqların əldə olunmasında özünü göstərir. 
Ehtimal etmək olar ki, Qərb bölgədə “suların durulması” istiqamətində atılan addımlardan narahatdır. Ona görə Ermənistanın əli ilə yenidən vəziyyəti gərginləşdirməyə çalışır. 
Qərbin Ermənistanı silahlandırması əslində həm də bu dövlət üzərində təsir imkanlarının artırılması deməkdir. Bu gün İrəvanın Paris və Vaşinqtonun “çaldığı havaya oynamasının” əsas səbəbi onların təsiri altında olmasıdır. 
Yada salmaq lazımdır ki, artıq bir neçə ildir ki, Ermənistan sentyabr aylarında hərbi təxribatlarını artırır. Buna müvafiq olaraq Azərbaycan da lazımi cavab verir. Oxşar ssenarinin bu il də təkrarlanması istisna deyil. 
Görünür, Ermənistanın “sentyabr sindromu” təkrarlanır...

Kənan Novruzov