"Taliban"la dialoqa başlamağa çalışanlar az deyil
ABŞ-ın Əfqanıstanda udub-uduzacağını birmənalı demək olmaz
Amerikalıların Əfqanıstandan getməsi son 40 il ərzində beynəlxalq arenada Vaşinqton üçün ən böyük təhqirdir. Bunu ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens deyib. Onun sözlərinə örə, Bayden administrasiyasının Əfqanıstandan fəlakətli gedişi xarici siyasətin iflasıdır: “Ölkə İran böhranı zamanı əsirlərlə bağlı yaranan problemdən bu yana belə təhqir yaşamayıb”.
"Taliban" Baydenin reytinqini çökdürdü
ABŞ Prezidenti Co Baydenin reytinqi 46 faizə qədər geriləyib. Bu nəticə “İpsos” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Məlumata görə, Baydenin reytinqi Əfqanıstanda "Taliban"ın hakimiyyətə gəlməsindən sonra bu qədər geriləyib. Qeyd edək ki, bu, indiyə qədər Baydenin qeydə alınan ən aşağı reytinqidir.
Əfqanıstan fəlakətində ABŞ elitası günahkardır
“The American Conservative” qəzeti iddia edib ki, ABŞ-ın Əfqanıstandan çıxması Amerika elitasının intellektual və əxlaqi baxımdan iflasıdır. Nəşrin yazdığına görə, Vaşinqtonun siyasəti İranın İraqda hökmranlığına, Suriyada nüfuzun Dəməşq, Türkiyə və kürdlər arasında bölünməsinə, Əfqanıstanda "Taliban"ın ağalığına gətirib çıxarıb: “Corc Buşun xaç yürüşündən çıxan nəticə budur. Obama, Tramp və Baydenin simasındakı Amerikanın liderliyindən qalan budur. Ən vacibi odur ki, Əfqanıstan fəlakətində Pentaqon, Dövlət Departamenti rəhbərliyi, eləcə də xarici siyasət və milli təhlükəsizlik elitası günahkardır”.
ABŞ Əfqanıstanın rezervlərini dondurdu
ABŞ Əfqanıstan Mərkəzi Bankının ölkə banklarında saxlanılan rezervlərini dondurub. Prezident Administrasiyası ölkə banklarında olan rezervlərin "Taliban"a verilməyəcəyini vurğulayıb. Qeyd edək ki, Əfqanıstan Mərkəzi Bankının rezervləri 9,4 milyard dollar təşkil edir. Bu rezervlərin böyük hissəsi Nyu-Yorkda Federal Rezerv Bankında saxlanılır.
“Mənfəətlərimiz üçün hər kəslə danışmalıyıq”
Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, əgər Amerika "Taliban"la müqavilə imzalayanda problem olmursa, Ankaranın da görüşməsi problem olmamalıdır: “Öz mənfəətimiz üçün hər kəslə danışmalıyıq. Bu, onların idarəçiliyini və ideologiyasını mənimsədiyimiz mənasına gəlmir. Çin, Rusiya, İran "Taliban"la danışıqlar aparır. Bunlar normal şeylərdir. Sosial mediada "Türkiyə dünyəvidir, "Taliban" rejimini mənimsədikmi?" kimi ifadələr gördüm. Hazırda "Taliban"ın hava limanına heç bir müdaxiləsi yoxdur. Biz dedik ki, bunu alqışlayırıq. "Taliban" rəhbərliyini və rejimini qəbul edirik, bunu alqışlayırıq demədik”.
“Qərb "Taliban"ı sivil siyasi hərəkat və ya təşkilat saymır, amma...”
Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini Samir Əsədli isə “Şərq”ə vurğulayıb ki, Əfqanıstanda baş verənlər lazım olduğundan çox dramatikləşdirilir. Partiya rəsmisinin sözlərinə görə, hakimiyyət dəyişikliyi qanuni yolla baş verməsə də, mövcud vəziyyət əfqanlar üçün faciəvi deyil: “Kabillilərin tam əksəriyyətinin hakimiyyət dəyişikliyi veclərinə deyil. Çünki onlar üçün heç nə dəyişmir. Əsas odur ki, atışmalar, partlayışlar, müharibə olmasın. Əyalətlərdə və xüsusilə kəndlərdə yerli sakinlər sakitdir. Deyirlər, taliblər ölkəni şəriət qanunları ilə tətbiq edəcək. Onsuz da əfqan dehqanların, yəni kəndlilərin tam əksəriyyəti şəriət qanunları ilə yaşayırlar. Digər bir məqam, dünyanın "Taliban" hökumətinə münasibətidir. "Taliban"la dialoqa başlamağa və Əfqanıstanda möhkəmlənməyə çalışanlar az deyil. Taliblər terrorçu sayılanda, ABŞ onları bombalayanda və mahiyyət etibarilə, bütün regiona Pentaqonun hazırladığı “gec açılan bomba” olanda vəziyyət fərqli idi. Əfqanıstan taliblərin əlinə keçəndən sonra situasiya dəyişib. Əfqanıstanla bütün ticari əməliyyatlar məhdudlaşacaq, çünki araşdırma mərhələsi olacaq. Qərb "Taliban"ı sivil siyasi hərəkat və ya təşkilat saymır, amma zamanla taliblərlə müqavilələr imzalanacaq və anlaşmalar əldə olunacaq”.
Əfqanıstanı tərk edən amerikalılar bölgə ölkələri üçün “hədiyyə” qoyub gedirlər
S.Əsədli vurğulayıb ki, ABŞ-ın Əfqanıstanda udub-uduzacağını birmənalı demək olmaz: “Amerika yüz milyardlarla dollar xərclədiyi Əfqanıstandan çıxır. Amma amerikalılar Əfqanıstandan on dəfə artıq gəlir əldə ediblər. Hərbi müqavilələrdən tutmuş, tiryək və heroin alverinədək bir çox sahədən qazanc götürüblər. ABŞ okeanın o tayındadır. Əfqanıstanı tərk edən amerikalılar bölgə ölkələri üçün “hədiyyə” qoyub gedirlər. Region dövlətləri indi "Taliban" adlı xərçəng şişi ilə nə etməyi düşünür. Buna görə də ABŞ-ı uduzmuş saymaq olmaz. Region ölkələri isə yeni durumla üz-üzə qalıb”.