Gürcüstan parlamentinin sədri Kaxa Kuçava Parlament sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün 7-9 sentyabr tarixində Avstriyada səfərdə olacaq. Bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, spiker tədbir çərçivəsində ikitərəfli görüşlər keçirəcək. K.Kuçavanın Estoniya, Ermənistan, Kamerun, Misir, Şimali Makedoniya, Sloveniya, Nigeriya, BƏƏ, Azərbaycan, Koreya Respublikası, Türkiyə, İsveç və Avstriyanın parlament sədrləri ilə görüşləri planlaşdırılıb.
Görüşün əhəmiyyətini “Sherg.az”a şərh edən politoloq İlqar Vəlizadə Azərbaycan-Gürcüstan arasında parlamentlər səviyyəsindəki münasibətlərin hər zaman dinamik olduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, parlamentlərarası münasibətlər ümumiyyətlə çoxsahəli əlaqələrin tənzimlənməsində rol oynayıb:
“Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupu səmərəli fəaliyyətini davam etdirir. Bu, bizim üçün çox vacibdir. Çünki Gürcüstanda 300 mindən çox azərbaycanlı yaşayır. Dövlətimiz həmin soydaşlarımızla bağlı müəyyən proqramları həyata keçirir.
Bu proqramların normal şəkildə işləməsi, məsələn Gürcüstanda Novruz və Qurban bayramının ölkəmizdəki kimi rəsmi şəkildə qeyd olunmasına şərait yaranıb.
Həmin bayramların Gürcüstanda dövlət səviyyəsində qeyd edilməsində parlamentlərarası münasibətlərin rolu böyükdür.
Ona görə də iki ölkənin parlament sədrlərinin dialoqları olduqca mühüm əhəmiyyətə malikdir”.