ABŞ Əfqanıstan vasitəsilə Rusiyaya və İrana ciddi problemlər yaradacaq
"2023-cü ildə artıq daha böyük ciddi siyasi layihələrin gündəmə gələcəyini görəcəyik"
ABŞ Prezidenti Administrasiyası və özəl təşkilatlar təxliyə olunmuş hər bir əfqana köçürülmə zamanı 2 275 dollar maddi yardım etmək niyyətindədir. Bu barədə Dövlət Departamentinin nümayəndəsi bildirib. Onun məlumatına görə, qarşıdakı aylarda başlayacaq maddi dəstək proqramı əfqanların mənzil tapmasına, ərzaq almasına və uşaqlarının məktəbə qoyulmasına istiqamətlənəcək. Bundan əlavə, Dövlət Departamenti ABŞ Konqresi ilə qaçqınlara tibbi sığorta da daxil olmaqla, müavinətlərin tətbiqi ilə bağlı məsləhətləşmələr aparır.
ABŞ-ın Əfqanıstanla bağlı planını hələlik tam anlamaq mümkün olmadığını vurğulayan siyasi elmlər namizədi, politoloq Cümşüd Nuriyev "Şərq"ə açıqlamasında deyib ki, bəzi təhlilləri analiz edərək müəyyən fikirlər söyləmək olar: "Birincisi, ABŞ Əfqanıstana girəndə də qanunsuz girmişdi, guya, 11 sentyabr ilə bağlı idi. Ancaq bu tamam başqa bir layihə idi. Hələ bugünədək də Üsamə bin Ladenin harada olduğu bildirilmir. Onu öldürüb dənizə atanın da kim olduğu məlum deyil. Yəni təbii ki, bu bir layihə idi. Yaxın və Orta Şərqdə ABŞ yeni bir siyasət həyata keçirməyə başlamışdı. Əsas məqsəd də SSRİ dağılandan sonra Rusiyanı dağıtmaq idi. Ümumiyyətlə, Əfqanıstanda baş verən hadisələrin və ABŞ-ın birdən-birə çox sürətlə Əfqanıstanı tərk etməsinin nəticəsi onu göstərir ki, ABŞ Əfqanıstan vasitəsilə Rusiya və İrana çox ciddi problemlər yaradacaq. Təbii ki, bu, qaçılmazdır. Pakistan və Hindistanın da burda öz maraqları var. Pakistanın Əfqanıstan üzərində daha ciddi təsir imkanlara malikdir. Amma ABŞ-ın Əfqanıstan siyasətində dəqiq görünən odur ki, o, boş yerə böyük miqdarda milyardlıq silahlarını orada qoyaraq elə-belə getməyib və bu, heç də təsadüfi deyil. Hətta orda qoyulan helikopterlərin bəzilərini göstərirlər ki, guya, bunları xarab ediblər.
Fikrimcə, onlar yalan söhbətdir, həm də bilavasitə hər hansı bir zəmanətimiz yoxdur ki, bu helikopterlər həqiqətən də nasaz olub və yaxud da silahlar istismara yararsızdır. Çünki müasir dövrdə sosial şəbəkələrdə ən böyük yalanları sosial şəbəkələrin əliylə həyata keçirirlər. Yəni bu günləri "fake" informasiyalar çoxdur".
Əfqanıstandan ABŞ-a köçürüləcək qaçqınların bəlli miqdarda olduğunu qeyd edən politoloq onu da qeyd edib ki, əslində onların tam təyinatı da qeyri-müəyyəndir:
"Düzdür, ABŞ-ın hər bir əfqan köçkününə 2 275 dollar yardım ayırması onun üçün elə bir ciddi problem deyil. Çünki ABŞ-ın hazırda dövlət tərəfindən dollar təminatı yoxdur. Dolları Federal Rezerv Bankı buraxır və o da həmin dolları dövlətə satır. Bu pulun verilməsi ilk görüşdə xoş təsir bağışlayır. Amma ABŞ-ın burda böyük maraqları var. Əfqanıstan vasitəsilə dediyim kimi, ABŞ Yaxın və Orta Şərqdə öz yeni siyasətini həyata keçirir. Burda da aparıcı rollardan biri mütləq və mütləq Türkiyədir. Çünki Corc Fridmanın "Yaxın on il, əvvəl yaxın yüz il" əsəri 15 il bundan qabaq çapdan çıxmışdı. Sonradan isə onun "Yaxın on il" adlı daha bir əsəri çapdan çıxdı. Hər iki əsərdə göstərilirdi ki, Rusiyanı dağıtmaqdan ötrü ABŞ 3 dövlətdən istifadə edəcək: Polşa, Türkiyə və Yaponiya. Artıq yavaş-yavaş bütün konturlar üzə çıxır. Ən azı yaxın 2-3 il ərzində Rusiya üçün çox ciddi problemlər yaradılacaq.
Bu, Azərbaycan üçün çox sərfəli bir şeydir, yəni Rusiyanı dağıtmaq istəyirlər. Çünki dünya resurslarının 21 faizi Rusiyanın ərazisindədir. Hazırda o resurslarla nəinki 8 milyard, 20 milyard əhalini tam təmin etmək mümkündür.
Bunu dünya da bilir. Amma bilirsiniz ki, pulu çox olanlar daha çox varlanmaq istəyirlər. Ona görə demoqrafik problemlər gündəmə gətirirlər ki, əhalinin sayı azalsın.
Hətta pandemiya da bütün bu layihələrdən biridir.
Həm də ki, bunlar istəmirlər ki, dünyada başqaları yaşasın, əsasən özlərinin yaşamasını istəyirlər. Bu işin də başında ABŞ-ın politoloqları, siyasətçiləri, sosioloqları durur.
Ona görə də ABŞ-ın Əfqanıstanla bağlı genişmiqyaslı planlarının arxasında ABŞ-ın tam sırf iqtisadi, daha doğrusu, ABŞ-ı idarə edən 5-ci kolonun sahiblərinin layihələridir.
Bu layihələrdən ABŞ tam yararlanacaq. Ona görə də bu dəqiqə hadisələri tam proqnozlaşdırmaq mümkün deyil.
Amma bütün hallarda ABŞ yeni bir layihədən yararlanır. Bir məqamı da qeyd edim ki, Donald Tramp biznesmen idi və o, daha çox iqtisadi maraqları güdürdü. Ancaq Co Bayden siyasətçidir və onun siyasi maraqları var. Əgər Tramp milyarda maraqlı idisə, artıq Bayden ABŞ-ın trilyonlarında maraqlıdır. Ona görə də şübhə etmirəm ki, Bayden bu şeyləri təsadüfi eləməyib.
Onun o yaşda hakimiyyətə gəlişi də təsadüfi deyildi. Onun üzərinə götürdüyü missiya var və o missiyanı da icra eləməlidir. Çünki Putin çalışır ki, 2024-cü ilə qədər bu və ya digər formada SSRİ-ni bərpa eləsin. Bu da ABŞ-ın siyasi iflası demək olardı. Hesab edirəm ki, ona imkan verilməyəcək. Ona görə də 2023-cü ildə artıq daha böyük ciddi siyasi layihələrin gündəmə gələcəyini görəcəyik".