“Gürcüstanda növbəti seçkilər gözlənilir”
“Saakaşvili bu seçkilərdə partiyası ilə birlikdə daha güclü formada iştirak edəcək”
“Saakaşvili tərəfdarlarını daha da aktiv olmağa, mübarizə aparmağa çağırır və ruhlandırmağa çalışır”
Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili Feysbuk səhifəsi üzərindən videomüraciət edib. O, Gürcüstanda həbs olunacağından qorxmadığını bildirib: “Şəxsən mən oktyabrın 2-də keçiriləcək seçkilər üçün Gürcüstana gedəcəyəm. Əminəm ki, gürcü xalqı özünü azad edəcək və mən də azadlığa çıxacağam. Taleyimi gürcü xalqının əlinə verməkdən qorxmuram”.
Keçmiş dövlət başçısı həmvətənlərinə çağırış edib: “Gürcüstanı xilas etmək bizim vətənpərvərlik borcumuzdur. Gürcüstanda hər şey məhv olur, insanlar ölkəni hər gün kütləvi şəkildə tərk edir. Hər kəs seçkiyə getməli və Bidzina İvanişvilinin arzusunun əleyhinə səs verməlidir”.
M.Saakaşvili tərəfdarlarını planları barədə mərhələli şəkildə məlumatlandıracağını vurğulayıb.
Qeyd edək ki, oktyabrın 2-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.
Saakaşvilinin hazırda Gürcüstanda ən güclü siyasi fiqurlardan biri olduğunu söyləyən siyasi analitik Turab Rzayev “Sherg.az”a bildirib ki, o, artıq siyasi partiyalar arasında da ciddi bir şəxsə çevrilib:
“Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası ayrılıqda nüfuza malik deyil. Əslində həmin partiyanı məşhurlaşdıran Saakaşvilinin nüfuzlu şəxsiyyətidir. İnsanlar ona görə partiyaya gəlib səs verirlər.
Gürcüstanda müəyyən qədər siyasi çaxnaşma var. Müxalifətlə iqtidar arasında razılaşma əldə olunmur, müəyyən fikir ayrılıqları yaranır. Eyni zamanda parlamentə müxalifətin daxil olması uzun müddət idi ki, baş tutmurdu. Daha sonra Avropanın vasitəçiliyi ilə müxalifətin parlamentə daxil olması üçün razılıq əldə olundu. Yəni ölkədə siyasi qeyri-stabil vəziyyət hökm sürür.
Bunun da nəticəsi olaraq Gürcüstanda növbəti seçkilər gözlənilir. Saakaşvili bu seçkilərdə partiyası ilə birlikdə daha güclü formada iştirak edəcək. Onun “ölkəyə qayıdacam” deməsini mütləq gələcəyi kimi qəbul etmirəm.
Çünki Saakaşvili bundan əvvəlki seçkilərdə gələcəyini söyləsə də, əməl etmədi. Əslində seçkilərin özü siyasi bir texnologiyadır. Saakaşvili tərəfdarlarını daha da aktiv olmağa, mübarizə aparmağa çağırır və ruhlandırmağa çalışır.
Onun gəlməyi yox, cəmiyyətə ötürdüyü mesaj və bu mesaj vasitəsilə tərəfdarlarını aktiv saxlaması diqqəti cəlb edir”.