Zəngəzur dəhlizinin açılması Bakının əsas gündəmidir

Hikmət Hacıyevin son mesajlarının səbəbləri var

Son günlər müzakirə olunan əsas məsələlərdən biri Ermənistanın silahlandırılmasıdır

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması


Azərbaycan tərəfi ötən ilin noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda nəzərdə tutulan bütün şərtləri birmənalı şəkildə yerinə yetirir. Ancaq əfsuslar olsun ki, kapitulyasiya sənədinə imza atan Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən boyun qaçırır. Üçtərəfli sazişdə imzası olan Rusiya da bəyanatın icrası üçün İrəvana hansısa təzyiq göstərmir. Əksinə, mediada Moskvanın ordusu darmadağın edilmiş Ermənistanı yenidən silahlandırdığı ilə bağlı informasiyalar tirajlanır. Sözsüz, indiki vəziyyətdə Rusiyanın Ermənistanı hər hansı bir formada silahlandırması onun işinə yaramayacaq. Azərbaycanın potensialı Ermənistandan qat-qat yüksəkdir. Ona görə də Azərbaycan bu məsələnin daha çox sülh yolu ilə həllinin vacibliyini bildirir. Sərhədlərində, bölgədə sabitliyin yaranmasına əsas prioritet məsələlərdən biri kimi yanaşır. Azərbaycan açıq və səmimi mövqeyini ortaya qoyur. Son günlər Ermənistan rəhbərliyinin məsuliyyətsiz bəyanatları, müharibə ritorikası isə əslində, onları faciəyə sürükləyir. Dəfələrlə vurğulandığı kimi Ermənistan Azərbaycana qarşı revanşist addımlarından əl çəkməsə, vəziyyəti daha da acınacaqlı olacaq. Bu məsələyə ötən gün Prezidentin köməkçisi Hikmət Hacıyev də toxunub.

Administrasiya rəsmisi bildirib ki, Ermənistan dövlət olaraq qonşuları ilə normal şəkildə yaşamağı bacarmalıdır: “Ermənistanın silah-sursata, mərmiyə ehtiyacı yoxdur. Bunların Ermənistanın öz-özünü təsəlli etmək cəhdindən başqa bir şey olduğunu düşünmürük. Əgər Ermənistanda kimlərsə revanşla bağlı düşünəcəksə, bu, onların etdikləri növbəti tarixi xəta olacaq. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Bundan sonra da öz sərhədlərinin mühafizəsini, vətəndaşlarının təhlükəsizliyini təmin etməkdə davam edəcək”. 

H.Hacıyev Zəngəzur dəhlizinin açılması məsələsindən də danışıb: “Üçtərəfli təmaslar davam edir. Dəhlizin açılması məsələsi 10 noyabr tarixində imzalanan üçtərəfli bəyanatın tərkib hissəsidir. Ermənistanın öhdəliyi var. Nəticə etibarı ilə regionumuzda əlaqələrin daha da yaxşılaşdırılması baxımından hər kəs üçün yaxşı fürsət olacaq. Amma təəssüf ki, bu məsələ ilə bağlı Ermənistanda qeyri-rasional, məntiqsiz fikirlər görürük”. 
Prezidentin köməkçisi 30 illik münaqişə müddətində Ermənistan tərəfinin nümayişkaranə şəkildə Azərbaycanın mədəni və islam irsini məhv etdiyini söyləyib: “Dəfələrlə UNESCO-ya müraciət etdik. Cavabda isə onun siyasi təşkilat olmadığı, Minsk qrupu rəhbərlərinin məsələ ilə maraqlandıqları və UNESCO-nun bu məsələ ilə məşğul olmaq iqtidarında olmadığı qeyd edildi. Tarixi, mədəni irs elə bir şeydir ki, binaları yenidən tikmək olar, amma mədəni, xüsusilə də tarixi irsi bərpa etmək çox çətin olur. Bu təkcə Azərbaycanın deyil, dünya mədəniyyətinin tərkib hissəsidir. Bütün mədəni irsimizin qiymətləndirilməsi həyata keçirilməli, dəymiş ziyan qiymətləndirilərək beynəlxalq ictimaiyyətə təqdim olunmalıdır”. 

Ermənistanın sərgilədiyi mövqe və Prezident köməkçisinin açıqlaması barədə “Şərq”ə danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Hikmət Hacıyevin mesajları və xəbərdarlığı rəsmi Bakının indiyədək səsləndirdiyi fikirlərin növbəti dəfə gündəmə gətirilməsidir. Analitikə görə, bu fikirlər Prezident İlham Əliyev tərəfindən də bir neçə dəfə səsləndirilib:

“Baş verən müəyyən proseslər fonunda Azərbaycan cəmiyyətində müəyyən gözləntilər yaranır. Məsələ ondadır ki, üzərinə vasitəçilik öhdəliyi götürmüş Rusiyanın bəzi addımları rəsmilər və ictimaiyyət tərəfindən heç də xoş qarşılanmır və etiraza səbəb olur. Belə anlarda yaşananlara rəsmi cavab verməyə ehtiyac duyulur. Əlbəttə, hər dəfə dövlət başçısı səviyyəsində Rusiyaya, yaxud Ermənistana xəbərdarlıq edilməsinə lüzum görülmür. Bu mesajlar Prezidenti təmsil edən rəsmi şəxsin dilindən də səslənə bilər. Konkret olaraq Hikmət Hacıyevin məhz indiki məqamda bu cür açıqlamalar verməsinin səbəbləri var. Son günlərin müzakirə olunan əsas məsələlərindən biri Ermənistanın silahlandırılmasıdır. Rusiya Ermənistanı silahlandırdığını açıq şəkildə etiraf edir. Bu məsələ ciddi narahatlıq doğurur. Eyni zamanda Zəngəzur dəhlizinin açılması da Bakının əsas gündəmidir. Zəngəzur dəhlizi üçtərəfli sazişin müddəalarına əsasən gündəmə gətirilir və haqlı olaraq vurğulanır ki, burada Ermənistanın da öhdəlikləri var. Görünən isə odur ki, İrəvan dəhliz məsələsinə yaxın durmur və prosesi yubatmaq üçün müxtəlif təxribatlara əl atır. Rəsmi Bakı Ermənistana növbəti dəfə xəbərdarlıq edir ki, revanşist ritorika ermənilərin faciəli sonunu gətirə bilər”.

A.Nərimanlıya görə, silahlanma heç nəyi həll etmir, çünki ortada erməni ordusu yoxdur:

“İndiki məqamda Azərbaycanın güclü Ordusu erməni silahlılarının qalıqlarını tamamilə yer üzündən silməyə qadirdir. Ermənistanda, elə Rusiyanın özündə Zəngəzur dəhlizi məsələsi prioritet olmaya bilər. Amma qalib Azərbaycan nəyi diktə edirsə, üçtərəfli sazişə imza atan tərəflər, ilk növbədə Ermənistan qeyd-şərtsiz ona əməl etməlidir. 10 noyabr Bəyanatında regional bütün layihələrin açılması xüsusi qeyd olunur. Son proseslər fonunda Azərbaycanın hərbi təlimlərinin sayını artırması, qardaş Türkiyə ilə Laçında birgə təlimlər də diqqət çəkir. Əslində bunun özü də revanş düşüncəsində olanlara mühüm bir mesajdır. Mesaj sadəcə Ermənistana deyil, eyni zamanda onları müharibəyə təhrik edən kənar güclərədir. Əvvəlcədən atacağımız addımlarla bağlı düşməni xəbərdar edirik”.