Qafan, Gorus, Meğri, Zəngəzur və Dilicandan paytaxt İrəvana böyük köç başlayıb
"Çünki əhalinin İrəvan hökumətinə zərrə etibarı, etimadı qalmayıb"
Ermənistan əhalisinin bütün bölgələr üzrə kəskin azalması prosesi davam edir. Pandemiyaya görə sərhədlərin bağlı saxlanması da sürətli köçün qarşısını ala bilmədi. Ermənistanın tanınmış iqtisadçısı Ara Qaloyan deyib ki, ölkə əhalisi fəlakətli surətlə azalmaqdadır. Onun sözlərinə görə, Ermənistanda həm şəhər, həm də kənd əhalisi sürətlə azalır: “Rəsmi məlumatlara görə, ötən il, məsələn, Gümrüdə 112,5 min əhali yaşayırdı. Bu il rəsmi rəqəm 111 mindir. Eyni tendensiya Ermənistanın bütün vilayət mərkəzlərində müşahidə olunur. İstisnasız olaraq, keçən illə müqayisədə bütün rayon mərkəzlərinin əhalisi azalıb”.
Qaloyan ötən illə müqayisədə sakinlərin sayının daha çox azalmasının Qafanda, Gorusda, Meğri və Qarakilsədə müşahidə olunduğunu vurğulayıb: “Bir sözlə, bu gedişlə Zəngəzur və Tavuş vilayətlərində bir neçə ildən sonra bir erməni belə qalmayacaq. Bu regionların əhalisi kütləvi şəkildə paytaxt İrəvan istiqamətinə köç etməyə davam edir”.
Zod yatağının yerləşdiyi Şişqaya kəndinin başçısı Akop Avetyan da erməni mediasına açıqlamasında hakimiyyətin sərhəd kəndlərin əhalisi unutduğunu bildirib. Kənd sakinləri də deyiblər ki, kəndləri Basarkeçər bələdiyyəsinə birləşdirmək istəyirlər: “Kəndlilər taleyin öhdəsinə buraxılıb. Ona görə də bölgədən köçüb gedirlər”.
Ermənistandakı vəziyyəti “Şərq”ə analiz edən Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov deyib ki, 30 illik işğal faktı ermənilərin bütün həyatını, gələcəyini və sosial rifahını məhv edib. Ekspertin sözlərinə görə, neft-qaza və başqa qiymətli sərvətə malik olmayan Ermənistan regional layihələrdən də təcrid olunmaqla dözülməz, yaşanmaz ölkə halına gəlib:
“Ermənistan işğalçı və təcavüzkar mövqeyinə, qonşulara ərazi iddialarına görə güclü Türkiyə və Azərbaycanla iqtisadi əməkdaşlıqdan məhrum qalıb. Sözün həqiqi mənasında dalana çevrilib. Ötən illər ərzində İrəvan hökuməti erməniləri yalanlarla, müəyyən vədlərlə ölkədə saxlamağa çalışırdı. 44 günlük müharibə Ermənistan reallığını bütün çılpaqlığı ilə ortaya qoydu. Müharibədə məğlub olan Ermənistan təkcə hərbi deyil, siyasi-iqtisadi və mənəvi cəhətdən uçurumun eşiyinə gəldi. Ermənilərin ölkədən köçü uzun zamandır davam edən proses olsa da, müharibənin nəticələrindən sonra kütləvi hal aldı. Müharibə başlayanadək böyük xülyalarla yaşayan ermənilər hamıdan əvvəl ölkəni tərk etdilər. Ermənilərin böyük əksəriyyəti Ermənistanda yaşamağın perspektivsiz olduğunu düşünürlər”.
Müsahibimiz vurğulayıb ki, sərhəd bölgələrindəki kəndlərin kütləvi boşaldılmasının bir sıra səbəbləri var:
“Səbəblərdən biri gələcəyə ümidin olmamasıdırsa, digər mühüm səbəb artıq Qərbi Zəngəzurda belə Azərbaycan əsgərini, bayrağımızı görmələridir. Bunlar ermənilər üçün yuxusuz gecələr, hər an təşviş və təlaş içində yaşamaq deməkdir. 30 ildə görmədikləri, bəlkə heç xəyal etmədikləri bir səhnəyə tamaşa etmək erməniləri bölgədən qaçırır. Ermənistan nə qədər çalışsa da, erməniləri Qərbi Zəngəzurda saxlaya bilmir. Çünki əhalinin İrəvan hökumətinə zərrə etibarı, etimadı qalmayıb. Rusiya sülhməramlılarının himayəsinə baxmayaraq, ermənilər Xankəndini də tərk edirlər, orada yaşamaq niyyətində olmadıqlarını açıqca bildirirlər. Ac-yalavac, səfalət içində yaşayan ermənilər indi daha çox öz canlarının həşirindədir. Şübhə yox ki, Azərbaycanın şanlı Ordusu heç vaxt mülki ermənilərə zərər vurmayıb və vurmaq fikrində də deyil. Bununla bağlı heç bir fakt yoxdur. Lakin reallıq odur ki, Azərbaycanla sərhəd bölgələrdə yaşayan ermənilər əsgərimizin qorxusundan orada qalmaq istəmirlər. Könüllü olaraq kəndləri boşaldırlar. Ən yaxşı halda Ermənistanı dərhal tərk edir, ən pis halda isə ölkənin içərilərinə doğru qaçırlar”.