Sülhməramlılar hadisəyə bilərəkdən göz yumub
Moskvanın planı olub ki, Cəmil Babayevi erməni əsirlə dəyişdirmək mümkün olsun
Xəbər verildiyi kimi, erməni separatçıları tərəfindən girov götürülən hərbçimiz Cəmil Babayev Azərbaycana geri qaytarılıb, əvəzində isə Ermənistana iki erməni əsir verilib. Qaytarılan erməni əsirlər Artur Nalbandyan və Aramais Torozyandır. Qeyd edək ki, hər iki şəxsin antiterror əməliyyatı nəticəsində yaxalanan və Bakıda məhkəməsi keçirilən terrorçulara aidiyyəti yoxdur. Onlar 14 iyul 2021-ci ildə Qaragöl ətrafında ordumuza əsir düşmüşdülər. Erməni rəsmi mənbələri onların duman səbəbindən azdığını və Azərbaycan sərhədlərinə daxil olduğunu bildirmişdi. Mübadilə Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovun iştirakı ilə baş tutub. Muradov C.Babayevi İrəvandan təyyarə ilə gətirib və eyni təyyarə ilə erməniləri yenidən Ermənistana aparıb.
Bəzi ekspertlərin fikrincə, Ağdərədə separatçılar tərəfindən girov götürülən əsgərimizin İrəvandan gətirilməsi müəyyən suallar doğurur. Hər halda rus sülhməramlılarını tərəf kimi göstərməyimiz onların Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən qüvvələr olması ilə uzlaşmır. Bir sıra analitiklərin rəyinə görə, rəsmi Bakı Qarabağda tərəf qəbul etmədiyi üçün Cəmil Babayev İrəvana aparılaraq oradan Azərbaycana təhvil verilib. Əgər hərbçimiz Xankəndidən gətirilsəydi, elə birinci ruslar separatçıları tərəf kimi irəli sürəcəkdilər. Lakin yenə də əsas fikir odur ki, Rusiya sülhməramlıları, xüsusən, əsgərimizlə görüşə gedən general Rüstəm Muradov Cəmil Babayevi birbaşa Bakıya gətirməliydi..
İctimaiyyətdə ciddi müzakirələrə səbəb olan hadisə ilə bağlı “Şərq”ə danışan Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bu cür mübadiləni yanlış hesab etdiyini deyib. Partiya rəhbərinin sözlərinə görə, Cəmil Babayev faktiki olaraq separatçılar tərəfindən Azərbaycan ərazisində - Ağdərədə girov götürülmüşdü. Ağdərə isə hazırda Rusiya sülhməramlılarının nəzarəti altındadır:
“Rus qoşunları həmin bölgədə müvəqqəti səlahiyyət sahibi hesab olunur. Əlbəttə, onların xəbəri, izni olmadan qanunsuz erməni birləşmələri özbaşına hansısa addımı ata bilməz. Rus sülhməramlıları baş verən hadisəyə göz yumub, hətta buna imkan yaradıblar. Məsələ ondadır ki, bu cür olayın yaşanması və ardınca qeyri-bərabər mübadilənin baş verməsi gələcəkdə arzuolunmaz presedent yaradacaq.
Rəsmi Bakının tanımadığı bir rejim, qondarma qurum Azərbaycan ərazisində əsgərimizi, yaxud hansısa sıravi vətəndaşımızı girov götürür. Həm də bu qanunsuzluq rus sülhməramlılarının məsuliyyət dairəsində yaşanır.
Deməli, hesabını soracağımız əsas tərəf Rusiyadır. Qarabağda ancaq sülhməramlı qüvvələrin varlığını qəbul edirik. Əfsuslar olsun ki, üzərinə vasitəçilik, tərəfsizlik missiyası götürən, üçtərəfli bəyanata imza atan Rusiya erməni quldurlarının təxribatlarına hər dəfə susqunluq nümayiş etdirirlər.
Narahatedici məqam odur ki, Moskva bunu bilərəkdən edir. Belə çıxır ki, əsgərimizin terrorçular tərəfindən saxlanmasına, aşağılanmasına ona görə göz yumulub ki, bir müddət sonra onu erməni əsirlərlə dəyişdirmək mümkün olsun.
Özü də bir azərbaycanlı verərək, iki erməni alıblar. Rusiya və Ermənistan göstərmək istəyir ki, gələcəkdə Azərbaycanın hansısa vətəndaşı sülhməramlıların nəzarətində olan əraziyə keçsələr, onların da başına bu iş gələcək. Sanki Xankəndi ətrafında özlərinə məxsus “sərhədlər” müəyyən ediblər, “təmas xətti” yaradıblar. Çox zərərli tendensiyadır və qətiyyən təkrarlanmasına imkan vermək olmaz. Çünki birbaşa əleyhimizə işləyir və bizə başucalığı gətirmir”.
A.Əlizadə vurğulayıb ki, bundan əvvəl Kəlbəcər istiqamətində bir neçə erməni Azərbaycan ordusu tərəfindən torpaqlarımızda ələ keçirilmişdi. Aralarında hərbçilər də var idi:
“Ermənistan hökuməti həmin şəxslərin dumandan yolu azaraq Azərbaycan tərəfə keçdiklərini iddia etdi. Rusiya sülhməramlılarının başçısı Muradov erməniləri dərhal Azərbaycandan alaraq öz ölkələrinə təhvil verdi. Hər hansı müzakirə, yaxud insident yaşanmadı. Bənzər hadisə dəfələrlə təkrarlanıb və rəsmi Bakı hamısını qeyd-şərtsiz geri qaytarıb. Cəmil Babayev də Muradovun vasitəçiliyi ilə dərhal Azərbaycana təhvil verilməliydi, iki erməni əsirlə dəyişdirilməməliydi.
Özü də C.Babayevin hospitalda müalicə aldığı, müəyyən psixi problemlərinin olduğu deyilir. Belə bir şəxsin girov götürülməsi, “mühakimə” olunması, mübadilədə istifadəsi yolverilməzdir”.