Kremldən gələn əmr quludur

Muradov 10 aylıq müddətdə Qarabağda ancaq Moskvanın siyasətini yürütdü

General bu vaxta qədər ərazisində yerləşdiyi ölkənin mediasına bir dəfə açıqlama verməyib, əvəzində Ermənistan mediasının suallarını həvəslə cavablayıb


Rusiya sülhməramlıları ilk gündən ermənilərin hamisi qismində çıxış edib və erməni separatçılarını qorumaqla məşğul olub. Sülhməramlıların keçmiş komandanı, general-leytenant Rüstəm Muradovun 10 aylıq fəaliyyəti də göz önündədir. O da vəzifə müddətində hansı xislətə malik olduğunu ortaya qoyub. Muradov və ümumiyyətlə, sülhməramlıların fəaliyyəti ilə bağlı bütün informasiyaları erməni mediası və rəsmi kanalları yayıblar. General bu vaxta qədər ərazisində yerləşdiyi ölkənin mediasına bir dəfə açıqlama verməyib, əvəzində Ermənistan mediasının suallarını həvəslə cavablayıb. Əslində Rusiyanın mövqeyi bəllidir. Kazarma və hərbçilərin mənzil şəraiti üçün elan etdiyi tenderin həyata keçiriləcəyi yerin “Dağlıq Qarabağ respublikası” göstərilməsindən tutmuş Azərbaycan əsgərinə atəş açmasını “atəşkəsin pozulması”, “erməni mövqeləri” və s. təqdim etməyə qədər, bütün mövqe erməniyönlüdür. Muradovun səlahiyyətlərinin başa çatması ilə bağlı Azərbaycanın müdafiə naziri və yaxud güc strukturlarından hansısa birinin rəhbəri ilə görüşdüyü barədə məlumat yoxdur. Sadəcə vurğulanıb ki, rotasiya qaydasına uyğun olaraq Muradovun yerinə Cənub Hərbi Dairəsinin komandanının müavini Aleksey Avdeyevin gətiriləcəyi deyilir. Muradovun müsəlman diyarında doğulduğu, ermənilərə deyil, Azərbaycana yaxın olacağı iddia olunurdu. Ötən müddət ərzində bunun əksini gördük. İndi də Avdeyevin Daşkənddə anadan olması, milliyəti önə çəkilir. Məlumat üçün bildirək ki, Avdeyev 1967-ci ildə Daşkənddə anadan olub. 1988-1996-cı illərdə Şimali Qafqaz Hərbi Dairəsində müxtəlif vəzifələrdə xidmət edib. 1999-cu ildə Rusiya Silahlı Qüvvələrinin, 2008-ci ildə isə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi akademiyalarını bitirib. Baş Qərargahın Hərbi Akademiyasını bitirdikdən sonra Sibir Hərbi Dairəsinin motoatıcı diviziyasının komandiri təyin edilib. 2011-ci ilin yanvarında Rusiya prezidentinin fərmanı ilə 41-ci ümumqoşun ordusunun komandir müavini vəzifəsinə yüksəlib. 2012-ci ilin dekabrında general-mayor hərbi rütbəsi alıb. 2019-cu ildən Cənub Hərbi Dairəsinin komandanının müavinidir. Lakin əksər ekspertlərin fikrincə, Rusiyanın öz siyasəti var və bu siyasətdə fərdlərin önəmi yoxdur. 

AĞ Partiyanın başqan müavini Əhəd Məmmədli “Şərq”ə qeyd edib ki, kimliyindən asılı olmayaraq, bütün təyin olunmuşlar Kremlin vahid siyasətini icra etməyə borcludur. Analitikin fikrincə, Moskva bir çox hallarda hiyləli siyasətdən istifadə edir:

“Muradov yeni təyinat alanda onun namaz qıldığını, ibadət əhli olduğunu deyirdilər. Hətta türk olduğunu söyləyənlər də var idi. Ancaq Muradov özü dedi ki, o, Rusiya dövlətinə sadiqlik andı içib. 10 aylıq müddətdə Moskvanın siyasətini tətbiq etdi. Muradovun Qarabağdakı hərəkətləri birbaşa Rusiyanın addımları kimi dəyərləndirilməlidir. Yerinə gələn Avdeyev də Kremlin maraqlarını qoruyacaq. Haşiyə çıxaraq, bir məqamı diqqətə çatdırım. Məşhur generallarımız Əliağa Şıxlınski və Səməd bəy Mehmandarov Azərbaycan Xalq Cümhuriyyətinin milli ordusunun başında duran şəxslər idi. Biri nazir, digəri Baş Qərargah rəisi vəzifəsini icra edirdi. Amma rus qoşunları Azərbaycanı işğala gələndə onlar dedilər ki, “biz rus dövlətinə sadiqlik andı içmişik, onlara qarşı vuruşa bilmərik”. Belə olan halda biz Muradovdan, Avdeyevdən nə gözləyə bilərik?! Onlar Rusiyanın generalitetidir. Fərdin dəyişməsinin, vaxtaşırı əvəzlənməsinin əhəmiyyəti yoxdur. Dəyişən heç nə olmayacaq. Ümumiyyətlə, rus sülhməramlılarının komandanının milliyətcə rus, türk, hətta erməni olması mühüm deyil. Hamısı birmənalı Kremldən gələn əmrlərə tabe olacaqlar. Moskvadan Qarabağla bağlı gələn əmrlərin mahiyyəti isə hamımıza bəllidir. Məncə, ruslar 5 il ərzində Qarabağda çox hoqqadan çıxacaqlar. Beş il birtəhər dözərik, amma elə etməliyik ki, ondan əlavə bir gün belə olsa torpaqlarımızda qalmasınlar”.