NATO-ya alternativ Avropa ordusu yaradıla bilər


Asif  Nərimanlı: "Avropa ordusunun qurulması gözləntisi NATO-nun parçalanması perspektivi fonunda mümkündür"

Avropa Parlamentinin ən böyük fraksiyası - Avropa Xalq Partiyası - Avropa İttifaqına (Aİ) öz hərbi bölməsini yaratmağı təklif edib. Bu barədə partiyanın rəsmi "Twitter" səhifəsində qeyd olunub. Açıqlamada bildirilir ki, Avropa İttifaqı müdafiə sahəsində daha sıx işləməlidir. Qeyd edilir ki, Aİ bu istiqamətdə daha bir addım atmalı və öz hərbi bölməsini yaratmalıdır. Bəs, Avropa İttifaqına öz hərbi bölməsini yaratmaqla bağlı edilən təkliflərin əsas səbəbləri nə ilə bağlıdır? Bununla da NATO-nun gələcəkdə parçalanması ehtimalı reallaşa bilərmi? 

Avropa İttifaqının hərbi bölməsinin yaradılması ilə bağlı ilk təklifin Fransa Prezidenti Emmanuel Makron tərəfindən irəli sürüldüyünü diqqətə çatdıran siyasi-şərhçi Asif  Nərimanlı "Şərq"ə açıqlamasında bildirib ki, sonradan bu təklifi Almaniya da dəstəkləyib. Ekspert qeyd edib ki, Avropa gələcəkdə özünü qorumaq üçün Amerikadan asılı olmayan yeni öz hərbi bölməsini yarada bilər:

"Əslində bu, faktiki NATO-ya qarşı alternativ bir layihədir. İlk dəfə belə bir təklif Donald Trampın hakimiyyəti dövründə irəli sürülmüşdü. Təbii ki, belə bir fikrin irəli sürülməsinə daha çox Tramp Amerikasının Avropa İttifaqı ilə münasibətlərindəki çatlar səbəb olmuşdu. Çünki Tramp administrasiyası daha çox Rusiya ilə işləməkdə meyilli görünürdü. Məhz Avropa ordusunun yaradılması təklifi də Rusiya təhdidinə qarşı idi. Əlbəttə, bu, məsələnin görünən tərəf idi. Lakin əsas səbəb NATO-nun içindəki parçalanmadan irəli gəlirdi.

Ümumiyyətlə, bu layihənin əsas müəllifi Fransa Prezidenti E.Makron idi. Bir müddət öncə bu məsələ gündəmə gəlsə də, sonradan proses dayandı. Lakin bunun yenidən gündəmə gətirilməsi diqqət çəkir. O kontekstdə ki, bilirik ki, Almaniya kansleri Angela Merkel növbəti seçkilərdə iştirak etməyəcək.

Ümumiyyətlə, o, Avropada sonuncu ən güclü siyasətçilərdən biri sayılırdı. Onun getməyindən sonra Avropa İttifaqının da zəifləyəcəyi gözləntisi var. İstisna deyil ki, Avropa  Xalq Partiyası məhz Merkelin gedişindən öncə bu məsələni təzələməklə nələrəsə nail olmaq istəyir. Digər tərəfdən burada Bayden administrasiyanın da yanaşması önəmlidir.

Bilirik ki, Bayden administrasiyası hakimiyyətə gəlişindən sonra bir neçə ay öncə Avropa turnisi keçirdi. Həm "G7"-nin toplantısı, həm də NATO-nun zirvə görüşünü keçirdi. Məqsəd məhz köhnə mütəffiqləri yenidən bir çatı altında birləşdirmək idi. Və düşmən kimi  yenə də Rusiya göstərilirdi.

Həmçinin, bu dəfə bura Çin də əlavə edilmişdi. Fikrimcə, Fransa prezidenti, o cümlədən Almaniya kansleri Baydenin bir yerə toplamaq istəyi ilə bağlı razılaşmış kimi görünsələr də, əslində onların da öz ayrı hədəfləri var. Bu hədəflər sırasında ən önəmli faktor odur ki, Avropa İttifaqı Rusiya ilə müəyyən qədər işləmək istəyir.

Yəni bu ölkələr bir növ xarici düşmənlə bir çatı altında birləşməyi hədəfləyiblər. Lakin Baydenin görüşü zamanı da, biz bunu qeyd edirdik ki, əslində Bayden Avropada istəyinə nail ola bilmədi. Çünki artıq Amerika əvvəlki qədər supergüc deyil, yaxud bu istiqamətdə zəifləməyə doğru gedir.

Məhz Amerikanın zəifləməsi NATO-nun gücünün də zəifləməsinə gətirib çıxara bilər. Avropa İttfaqı da artıq bu kontekstdə Avropa ordusu yaratmaq ideyasını ortaya atıb. Bu məsələ əslində bununla bağlıdır".

Analitik hesab edir ki, Avropa həm Çinlə, həm də Rusiyayla işləməkdə maraqlıdır:

"Xüsusən Avropa Çinin "Bir kəmər, bir yol" layihəsində təmsil olunaraq, ordan pay götürmək istəyir. Amerika ilə bir çatı altında olmaq isə bu məsələdə onlara çox böyük əngəl törədir. Avropa anlayır ki, yeni gələcək "Bir kəmər, bir yol" layihəsi çərçivəsində olacaq. Ancaq bunun reallaşmasını Amerika istəmir. 

Avropa İttifaqı Çinlə işləmək istəsə də, NATO çatı altında olmaları onlara maneə törədir və Amerika strategiyasına bağlanmağa məcbur edir. Avropa anlayır ki, NATO-dan çıxmaq onların təhlükəsizliyinə ciddi təhdid yarada bilər.

Bu baxımdan Avropa ordusunun qurulması bu istiqamətdə gündəmə gətirilir. Avropa öz təhlükəsizliyini bərpa etmək, ardınca isə buna paralel olaraq Çinlə də əməkdaşlığını həyata keçirməyə çalışır. Bunun üçün isə mütləq təhlükəsizlik məsələsi həll edilməlidir.

NATO 2030-cu il planlarını təqdim etsə də, əslində burada qarşıdurmanın olduğu açıq-aydın hiss olunur. Avropa ölkələri, xüsusən Türkiyənin NATO-da ön planda çəkilməsini heç də xoş qarşılamırlar.

Qeyd edim ki, Türkiyənin bir neçə gün öncə rəsmi "Anadolu" agentliyi Fransanın Yaxın Şərqdə İŞİD-ə dəstək verməsi ilə bağlı sənədlərini yayımladı. Bu da onu göstərdi ki, NATO-nun çətiri altında olan mütəffiq ölkələrin bir-birinə toqquşan maraqları var. Xüsusən Türkiyənin NATO-da olmasını Fransa və Almaniya qəbul etmir. Hesab edirəm ki, bu, NATO-nun parçalanmasına doğru gedir. Əslində yeni dünya nizamı dediyimiz sistemdə istisna deyil ki, NATO parçalanacaq. Bu kimi atılan addımlar da onun işartısı hesab edilə bilər. Gələcəkdə yeni Avropa ordusu yarana bilər. Avropa ordusunun qurulması gözləntisi isə NATO-nun parçalanması perspektivi fonunda mümkündür.

Əgər bu günləri belə ideyalar səsləndirilsə, bu o deməkdir ki, NATO-nun içində artıq çatlar var və qarşıdakı dövrdə istisna deyil ki, bu ideya əməli addıma keçsin".