Paşinyan Gürcüstanda Qərbə siyasi jest etdi, mesajlar verdi
"Rusiyanın iradəsinin ziddinə siyasət yürütmək İrəvan üçün ağır nəticələrə gətirib çıxara bilər"
Gürcüstanda səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan həmkarı İrakli Qaribaşvili və prezident Salome Zurabişvili ilə görüşdən sonra mühüm bir ziyarət də həyata keçirib. Paşinyan Tiflisdəki Qəhrəmanlar Meydanında 2008-ci ildə Rusiya ilə müharibə zamanı ölənlərin xatirəsini yad edib. Səfər əsnasında bu məqama xüsusi diqqət yönəldilib.
Erməni mediası, xüsusən rus saytları Paşinyanın bu hərəkətinin düşünülmüş addım olduğunu, baş nazirin məqsədyönlü şəkildə Moskvaya qarşı mövqe sərgilədiyini iddia ediblər. Bəzi ekspertlər isə bildiriblər ki, Paşinyan gürcü hökumətinin tətbiq etdiyi rəsmi protokola uyğun davranıb. Qeyd edək ki, ötən gün Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Rusiyanın əleyhinə kəskin açıqlamaları yayılıb. 44 günlük müharibənin ilk günlərində də Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirmişdi. Baş nazirin xanımının “əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya, əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil” ifadəsini işlədib. O, Rusiyanın daha çox düşmən olduğunu bildirərək çıxış yolunu Qərbdə gördüyünü deyib.
Paşinyanın müzakirələrə səbəb olan ziyarətini “Şərq”ə dəyərləndirən siyasi icmalçı Azər Niftiyev deyib ki, baş nazir Qərbin proyektidir və hər fürsətdə bunu göstərməyə çalışır. Ekspertə görə, Paşinyan ara-sıra bu cür mərkəzdənqaçma meyilləri nümayiş etdirir. Lakin ümumi siyasətində bu mövqeyini sərgiləyə bilmir:
“Ermənistan Rusiyanın forpostudur. Müstəqil siyasət yürütmədiyi üçün iqtisadi azadlığı olmayıb. Ermənilər ancaq tarixi saxtalaşdırmaq və işğalçılıqla məşğul olublar. Məhz bu siyasət nəticəsində regional iqtisadi layihələrdən kənarda qalıblar.
Çıxış yolu olaraq xaricdən mədət umublar, Rusiyanın “drijor çubuğu” qismində çıxış ediblər. “Qarabağ klanı”nın süqutundan sonra isə Qərb Ermənistanda müəyyən təsir imkanları qazanıb”.
Analitik vurğulayıb ki, Paşinyan açıq və birmənalı şəkildə anti-Kreml siyasəti yürüdə bilməz:
“Rusiyanın Ermənistana təsir imkanları çoxdur. İqtidar qərbyönümlü qüvvələrin əlində cəmləşsə də, Rusiyanın iradəsinin ziddinə siyasət yürütmək İrəvan üçün ağır nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən Pasinyan adətən Rusiya ilə bağlı yumşaq açıqlamalar verir. Lakin onu iqtidara gətirən qüvvələrin də ondan gözləntiləri və tələbləri var.
Tiflisdə Rusiya ilə müharibə zamanı həlak olanların xatirəsini yad etməsi Qərbə jest, siyasi mesajdır. Yəqin ki, qarşıda Paşinyana qarşı təzyiqlər artacaq. Bundan sonra onun geri çəkiləcəyi, Rusiyaya yönəlik müsbət açıqlamalar verəcəyi qaçılmaz olacaq”.
A.Niftiyev əlavə edib ki, nə zamana qədər ki, Ermənistan işğalçı siyasətindən imtina etməyəcək, həmişə forpost olaraq qalacaq:
“Rəsmi İrəvan başa düşməlidir ki, onun yeganə nicatı Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpasından keçir. Bu mənada tezliklə sülh sazişini imzalamalı, nəqliyyat və kommunikasiya xətlərinin açılmasına şərait yaratmalıdır.
Ermənistanın iqtisadi, hərbi gücü yoxdur ki, bundan sonra Azərbaycanla döyüş aparsın. Məkirli siyasətdən imtina etməklə kənar təzyiqləri neytrallaşdıra, müstəqil qərarlar verə bilərlər”.