Paşinyan əhalini hazırlayır:“Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması...”

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, 44 günlük müharibə nəticəsində Ermənistan iqtisadiyyatı və sosial həyatında yaranan faciəli vəziyyət hələ aradan qalxmayıb. Baş nazir bu barədə sentyabrın 30-da dövlət büdcəsinin müzakirəsi zamanı açıqlama verib.
O, 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkiləri ilə daxili siyasi böhranın aradan qalxdığını söyləyib:

“Təhlükəsizliyə böyük diqqət yetirəcəyik. Çünki onsuz uzunmüddətli inkişaf məqsədlərinə çatmaq mümkün deyil. Bu mənada təkcə ordunun, müdafiə qabiliyyətinin modernləşdirilməsi deyil, həm də Ermənistan ətrafında əlverişli xarici mühitin yaradılması, Ermənistan, Qarabağ və region üçün dinc inkişaf dövrünün açılması gündəminin ardıcıl şəkildə həyata keçirilməsi lazımdır”.

Paşinyanın söylədiklərinə dair fikirlərini “Sherg.az”la bölüşən REAL Partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli bildirib ki, baş nazirin bu açıqlaması əslində Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması, iqtisadi və logistik əlaqələrin gücləndirilməsi və digər məsələlərlə bağlı Ermənistanda ictimai rəyi formalaşdırmaq üçün nəzərdə tutulub:

“Həqiqətən də hazırda Ermənistanda ağır iqtisadi durum var. Bu vəziyyətin aradan qaldırılması yollarından biri qonşu dövlətlərlə normal münasibətlərin qurulması, iqtisadi logistik əlaqələrin genişləndirilməsi və sərhədlərin açılmasıdır. Ona görə də Paşinyanın bu açıqlaması ictimai rəyi gələcəkdə baş verə biləcək hadisələrə və Azərbaycan-Türkiyə-Ermənistan münasibətlərinin normallaşmağa doğru getməsi üçün əhalini hazırlamaq məqsədi güdür”.

Yeganə Bayramova