Bayramovun Serbiya səfəri:“...Kritik rolu olacaq”

Xəbər verdiyimiz kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya səfər edib. C.Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Tədbirində iştirak etmək məqsədi ilə Belqrad şəhərinə yola düşüb.

Səfər çərçivəsində nazir C.Bayramovun, həmçinin Serbiya Respublikasının xarici işlər naziri və digər rəsmilər ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Səfərin əhəmiyyətini “Sherg.az”a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəylinin sözlərinə görə, Serbiya bizim üçün vacib ölkələrdən biridir:

“Azərbaycanla Serbiyanın münasibətləri keçmiş sovetlər dönəmindən bəri mövcuddur. Bu baxımdan Serbiya ilə slavyan xalqı kimi münasibətlərimiz üst-üstə düşür. Amma milli təhlükəsizlik nöqteyi-nəzərindən də Ermənistanın silahlandırılması ilə bağlı diplomatik və siyasi qalmaqal baş verdi. Hətta Serbiya baş naziri səviyyəsində Azərbaycandan üzr istədilər. Lakin beynəlxalq təşkilatlar çərçivəsində həm Serbiya, həm Azərbaycan bir-birinin müstəqilliyinə hörmət etdiyi və ərazi bütövlüyünü tanıdığını qeyd edib. Bu, çox önəmli məsələdir.
Azərbaycan tərəfi həm də Qoşulmama Hərəkatının sədri kimi çoxtərəfli münasibətləri hər zaman davam etdirir. Bu baxımdan dövlətimizin qarşısında dünya həqiqətlərini açıq-aydın şəkildə ifadə etmək kimi bir missiya dayanır. Müharibədə qalib gəldikdən sonra demək olar ki, bütün dünyada erməni lobbisi səfərbər olub. Onlar insan haqları, müharibə cinayətləri, vandalizm və digər rıçaqlardan istifadə edib, Azərbaycana hücum təşkil edirlər. Həqiqəti səsləndirmək üçün ən böyük platformalarından biri də məhz Qoşulmama Hərəkatıdır. Həmin hərəkatın bir çox üzvü, o cümlədən Serbiya kifayət qədər kritik rol oynaya biləcək ölkələrdən sayılır”.