Putin-Paşinyan görüşü:Qarabağ məsələsi Rusiyanı maraqlandırmır?! – Kodlar açılır... 

Dünən Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş Naziri Nikol Paşinyanın Moskvada bu il sayca dördüncü görüşü baş tutdu. Onların görüşdən öncə verdiyi açıqlamalardan başqa, Kütləvi İnformasiya Vasitələrinə müzakirənin detalları barədə heç bir açıqlama verilməyib. 

Putin Paşinyana: “Biz sizinlə daim telefon vasitəsi ilə əlaqədəyik. Amma şəxsi görüşlər lazımi nəticəni əldə etmək üçün daha da məhsuldar olur. Ümid edirəm ki, bu dəfə də belə olacaq. Biz rəsmi, qeyri-rəsmi şəraitdə danışacaq, birlikdə nahar edəcək, gündəlik məsələlərə toxunacaq, perspektiv haqqında fikir mübadiləsi aparacağıq. Hələ bu yaxınlarda MDB-nin Sammiti olacaq, bu istiqamətdə və əlbətdəki bu gün üçün və uzun müddətli perspektivdə regiondakı nizamlama prosesi ətrafında sizinlə əqrəbləri tutuşdurmaq istərdim”.
Paşinyan isə cavabında bildirib: 

“Bu il bizim dördüncü görüşümüzdür. Hər şeydən öncə məni Moskvaya dəvət etdiyiniz üçün sizə təşəkkür edirəm. Tez-tez baş verən belə görüşlər bizim münasibətlərin yüksək dinamikası və strateji müttəfiqlik münasibətlərinin zəruriliyin dərk etməyimizin sübutudur. Əlbəttə, bu gün bizim regionda və bütünlüklə dünyada dinamik proseslər baş verir. Diqqətə layiqdir ki, müttəfiqlər tez-tez görüşüb müzakirə aparsınlar və sizin dediyiniz kimi əqrəbləri tutuşdursunlar. Təəssüf ki, bizim regionda vəziyyətin tam stabilləşməsi haqqında danışmaq mümkün deyil. Qeyd etdiyiniz kimi, Qarabağ münaqişəsi həll edilməmiş qalır. Aydındır ki, münaqişənin həll olunmasında və bizim regionda təhlükəsizliyin təmin edilməsində Rusiya mühüm rol oynayır. Sizinlə bütün bu gündəlikdə duran məsələləri müzakirə etmək imkanına görə şadam”.

 Görüşü “Sherg.az”a şərh edən politoloq Əlimusa İbrahimov qeyd edib ki, iki ölkə rəhbərinin bir-birinə ünvanladığı qısa müraciətlərdən görüşün məzmunu barədə ilkin təəsüratlar proqnozlaşdırmaq mümkündür:

“Görüş məhz Moskvanın təşəbbüsü ilə baş tutub və orada çox ciddi və ətraflı müzakirəsi tələb olunan məsələlər gündəlikdədir. Belə olmasaydı, Putin Paşinyana onunla “nahar etmək” şansı verməzdi. “Rəsmi və qeyri-rəsmi şəraitdə söhbət aparmağa” işarə isə  Paşinyanın özünü sakit aparmaq barədə xəbərdarlıq kimi başa düşülə bilər. Putinin qeyri -rəsmi leksionunda nələrin olduğu Paşinyana məlum olmamış deyil.
MDB-nin Sammitinin yada salınması orada da Ermənistanla bağlı mühüm məsələlərin müzakirə ediləcəyinə eyhamdır. Burada Ermənistanın Belarusun ardınca irəli çəkilməsindən söhbət gedə bilər.

V.Putin regiondakı ümumi nizamlama prosesinə toxunur və bu halda Qarabağın adını çəkmir. Bu o deməkdir ki, Qarabağ məsələsi artıq Rusiyanı Ermənistan qədər ciddi maraqlandırmır və narahat etmir.

Paşinyanın Moskvaya Putin tərəfindən dəvət edildiyini vurğulaması Qərbdəki havadarlarına bir mesaj idi. O, öz xoşu ilə Putinlə görüşmək arzusunda olmadığını bildirmək istəyir və sanki Rusiyanın “caynağı”ndan qurtulmaq üçün yardım umur.

Qarabağ münaqişəsinin həll olunmaması fikrini irəli atmaqla və bu məsələnin Putinin də qeyd etdiyini deməsi Ermənistan Baş Nazirinin diqqəti digər məsələlərdən ayırmaq üçün manevr etməsi kimi də başa düşülə bilər. Bu həm də görüşə böyük ümidlə baxan erməniləri sakitləşdirmək üçün ona lazım idi”.