“Putinin hədəfləri bəllidir”

“O, çalışır ki, keçmiş rus imperiyasını sərhədlər daxilindəki ölkələri müasir Rusiyanın təsir dairəsində saxlasın, eləcə də Rusiya ilə münasibətləri gərgin olan dövlətlər ittifqa buraxılmasın”

Rusiya prezidenti Vladimir Putin bu gün MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşəcək. Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görüş videokonfrans formatında keçiriləcək.

Görüşdə Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətlərinin rəhbərləri iştirak edəcək. Xüsusi xidmət orqanlarının rəhbərləri MDB-yə üzv dövlətlərin təhlükəsizlik və kəşfiyyat xidmətlərinin rəhbərlərinin görüşünün XVII iclasında iştirak etmək üçün Moskvaya gələcəklər. İclas təhlükəsizlik və sabitliyin təmin edilməsi sahəsində MDB xüsusi xidmət orqanlarının qarşılıqlı əlaqəsi məsələlərinə həsr edilib.

Müzakirə olunacaq məsələlər barədə “Sherg.az”a açıqlama verən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu qeyd edib ki, Putinin hədəfləri bəllidir. O, çalışır ki, keçmiş rus imperiyasını sərhədlər daxilindəki ölkələri müasir Rusiyanın təsir dairəsində saxlasın, eləcə də Rusiya ilə münasibətləri gərgin olan dövlətlər ittifqa buraxılmasın:

“Çox güman ki, MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşdə danışılacaq məsələlərdən biri bu olacaq. Digər mühüm məsələ isə hər zaman olduğu kimi iqtisadi amillərlə bağlıdır. Çünki MDB–yə üzv olan ölkələrin bir çox ciddi və beynəlxalq iqtisadi proqramı var. Yəqin Putin bu məsələlərlə öz maraqlarından çıxış edəcək”.