Qazaxıstan faciəsi və ya Kremlin "geopolitik əməliyyatı"... - Aktual ŞƏRH 

“Belə anlaşılır ki, Qazaxıstan faciəsini törətməkdə əsas məqsəd KTMT-nın bu ölkəyə beynəlxalq hüquq normalarına zidd şəkildə də olsa, qoşun yeritməsinə bəhanə qazanmaq olub”

“Yəni, Türk Dövlətləri Təşkilatında daha fəal mövqe tutmağa çalışan, Qazaxıstanın Qərblə yaxınlaşmasına cəhd göstərən Nursultan Nazarbayevi siyasi səhnədən çıxartmaq məqsədilə bir "geopolitik əməliyyat" reallaşdırıldı”



Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının Qazaxıstanda baş verən son hadisələrlə bağlı növbədənkənar iclası başa çatıb. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun sədrliyi ilə keçirilən iclasda Qazaxıstanın Baş nazirinin müavini və xarici işlər naziri Muxtar Tileuberdi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev, Özbəkistanın xarici işlər naziri Abdulaziz Kamilov, Türkmənistanın Baş nazirinin müavini və xarici işlər naziri Raşid Meredov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev çıxış ediblər.

İclasın sonunda Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının adından bəyanat qəbul olunub. Bəyanatda Qazaxıstanda baş verən hadisələrdə həyatını itirənlərə başsağlığı verilib və yaralananların tezliklə sağalması arzulanıb. Təşkilatın üzvü olan Qazaxıstana və onun qardaş xalqına güclü dəstək və həmrəylik bir daha təsdiqlənib. Eyni zamanda, “Türk Dünyasına Baxış 2040” sənədinin milli və beynəlxalq çağırışlar qarşısında koordinasiya, əməkdaşlıq və qarşılıqlı yardım üçün bələdçi olduğuna diqqətə çəkilib. Təşkilat hazırkı böhrandan çıxmaq üçün lazım gələrsə, Qazaxıstan xalqını və hökumətini dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyib. Habelə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qardaş Qazaxıstan xalqının güzəranının və rifahının daha da yüksəlişinə yönəlmiş islahat gündəliyi dəstəklənib. Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurası bu məsələdə sıx əməkdaşlığı və məsləhətləşmələri davam etdirməyi qərara alıb.
Türk dövlətlərinin  Qazaxıstana hər cür yardıma hazır olduğunu  bildirməsi və onu dəstəkləməsi cəmiyyət tərəfindən xoş qarşılanıb.  Bu birliyin və qardaşlığın simvolu kimi qiymətləndirilib.  Amma bir qisim insana görə bu görüş gecikib.

Görüşü “Sherg.az”a şərh edən politoloq Elçin Xalidbəyli qeyd edib ki, əslində, ilk baxışdan Türk Dövlətləri Təşkilatının Qazaxıstanda baş verən hadisələrə reaksiyası bir qədər gecikmiş kimi görünür:

“Ancaq hadisələrin başladığı ilk günlərdə Türk Dövlətləri Təşkilatının konkret reaksiya verməsi müəyyən mənada, bir qədər çətin idi. Çünki Qazaxıstan olaylarının arxasında hansı xarici gücün dayandığı məlum deyildi. Əgər, o vaxt münasibət bildirilsəydi, Türk Dövlətləri Təşkilatı ya Qazaxıstan hakimiyyətinin, ya da Qazax xalqının tərəfində durmuş olacaqdı. Bu isə Qazaxıstanın daxili işlərinə müdaxilə kimi qəbul oluna bilərdi. Yalnız indi məlum olur ki, baş verənlərin necə törədildiyini Rusiya və Belarus prezidentləri daha dəqiq bilirmiş. Artıq bütün  baş verənlərin ölkə kənarından idarə olunduğu və Qazaxıstan Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayevin hakimiyyətdən kənarlaşdırılması məqsədi daşıdığı şübhə doğurmur. Belə anlaşılır ki, Qazaxıstan faciəsini törətməkdə əsas məqsəd KTMT-nın bu ölkəyə beynəlxalq hüquq normalarına zidd şəkildə də olsa, qoşun yeritməsinə bəhanə qazanmaq olub. Yəni, Türk Dövlətləri Təşkilatında daha fəal mövqe tutmağa çalışan, Qazaxıstanın Qərblə yaxınlaşmasına cəhd göstərən Nursultan Nazarbayevi siyasi səhnədən çıxartmaq məqsədilə bir "geopolitik əməliyyat" reallaşdırıldı”.
Politoloqun qənaətincə, ilk baxışdan, Qazaxıstan faciəsinin ssenari müəllifləri öz hədəflərinə hələlik çatmış kimi görünürlər:
“Nursultan Nazarbayev artıq hakimiyyətdə deyil, Qazaxıstan da Rusiya və KTMT-dan asılı vəziyyətə salınıb. Ona görə də, Türk Dövlətləri Təşkilatından bu hadisələrə daha operativ və fərqli nəticələrə hesablanmış reaksiya gözləmək bir qədər sadəlövhlük xarakteri daşıyır. Çünki, bu qurum hazırda yenidən təşkilatlanma mərhələsindədir, iqtisadi-ticari əməkdaşlıq modelinə malikdir. Yəqin ki, yaxın gələcəkdə Türk Dövlətləri Təşkilatının hərbi-siyasi ortaqlıq modelinin də tapılmasına ehtiyac olacaq. Böyük ehtimalla Türk Dövlətləri Təşkilatının XİN rəhbərlərinin növbədənkənar toplantısında Qazaxıstan hadisələri ilə bağlı müəyyən geopolitik mesajlar verilə bilər. Ancaq bu mesajların ümumi məzmun daşıya biləcəyi də qətiyyən istisna deyil. Yəni, Qazaxıstan dövləti və Qazax xalqı ilə həmrəylik məzmunu daşıyan ümumi bəyanatın yayılması gözlənilir”.

E.Xalidoğlu hesab edir ki, Türk Dövlətləri Təşkilatı gələcəkdə real beynəlxalq siyasi iradə mərkəzinə çevriləcək:

“Onu da unutmaq olmaz ki, Türk Dövlətləri Təşkilatı hazırda əslində, real olaraq, sadəcə, Türkiyə-Azərbaycan ittifaqının ətrafında formalaşdırılma mərhələsində olan bir qurumdur. Və hələlik geopolitik manevr imkanları elə də geniş deyil. Ancaq vaxt gələcək ki, Türk Dövlətləri Təşkilatı həqiqətən real beynəlxalq siyasi iradə mərkəzinə çevriləcək. Qazaxıstan hadisələrinə də müəyyən mənada, Türk Dövlətləri Təşkilatının gələcək perspektivlərini indidən bloklamaq cəhdlərindən biri kimi yanaşmaq olar”.

Çimnaz ŞAHLAR