Nazarbayev haradadır? – Açıqlandı 

İlin əvvəlində yanacağın kəskin bahalaşmasından sonra Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verib. Vəzifəsini tərk etməsindən sonra onun haqqında şayiələr yayılmağa başlayıb. Nazarbayevin harada olması ilə bağlı müxtəlif fikirlər var. Qazaxıstan mediası iddia edib ki, o iki qızı ilə birlikdə ölkəni tərk edib. Bəzi mənbələrdə isə onun öldürüldüyünə dair iddialar yayıb.

Qeyd edək ki, Nazarbayevin sözçüsü Aydos Ukibay Twitter hesabında paylaşım edərək keçmiş prezidentin haqqındakı iddialara aydınlıq gətirib. O bildirib ki, Nursultan Nazarbayev hazırda paytaxt Nur-Sultandadır.

Nazarbayev barəsində yayılan iddialarla bağlı “Sherg.az”a açıqlama verən politoloq İlqar Vəlizadə qeyd edib ki, keçmiş prezident öz vətənindədir:

“Nursultan Nazarbayevin harada olması ilə bağlı əminliklə fərziyyələr səsləndirmək, proqnozlar vermək düzgün deyil. Bütün rəsmi mənbələr bildirir ki, o Qazaxıstandadır. Əgər rəsmi mənbələr onun ölkədə olduğunu bildirirlərsə, deməli, o vətənindədir. Əgər o xaricdə olsa, bu xəbər rəsmi mənbələrin imicinə zərbə vurar. Rəsmilər bunu bildiyi üçün belə bir riski gözə almazlar. Onu da qeyd edim ki, Nazarbayevlə bağlı heç bir ittiham yoxdur. Qazaxıstan hakimiyyəti çalışır ki, Nazarbayevin hakimiyyət uğrunda mübarizə apardığını göstərən mənzərə yaranmasın. Bu cür yanaşma dövlətçiliyə mənfi təsir göstərə bilər. Hər şey Qərb mediasının yazdığı qədər sadə deyil”.

Xanlar ƏLİBƏY