İrəvanda aksiya...


Erməni gənclər Paşinyan hakimiyyətinin təxribatlarının qurbanı olurlar

   Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycanla dövlət sərhədində törətdiyi son təxribatlar ermənilərin ciddi narazılığına səbəb olub.
“Report” “News.am”a istinadən xəbər verir ki, yanvarın 13-də bir qrup sakin paytaxt İrəvanda hökumət binasının qarşısında etiraz aksiyası keçirib.
Onlar Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökuməti sərhəddə təhlükəsizliyi təmin edə bilməməkdə ittiham ediblər və son təxribatlara etirazlarını bildiriblər.
Aksiya iştirakçıları deyiblər ki, hökumət 18-20 yaşlı əsgərləri heç bir hazırlıq keçmədən sərhədə göndərir.

İrəvanda baş verən hadisələri “Şərq”ə şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistan cəmiyyəti artıq gənclərini itirmək istəmir.

“Birinci atəşkəsi Ermənistan tərəfi pozub, çünki ilk şəhidi biz verdik. Daha sonra biz cavab atəşilə iki postu dağıtdıq və onlar da itki verdilər. Yəni, erməni cəmiyyətinə də aydındı ki, Ermənistan tərəfinin təxribatlarla bağlı açıqlaması yalandır. Ona görə də anlayırlar ki, Azərbaycan təxribatlara artıqlaması ilə cavab verəcək. Və onlar öz gənclərini itirəcəklər. Nəticədə etirazlarını bu cür bildirirlər. Paşinyan əslində bu təxribatlara niyə yol verir? Ona görə ki, Qazaxıstandakı hadisələrdən həvəslənib Rusiyanı prosesə qatmaq istəyir. Ancaq Rusiya məsələyə reaksiya vermədi. Dövlət başçısı da vurğuladı ki, nə qədər belə təxribatlar olacaqsa artıqlaması ilə cavab verəcəyik və heç kəs buna heç nə deyə bilməz. Erməni cəmiyyəti narazıdır. Paşinyan hər dəfə təxribata əl atır. İtirən yenə də Ermənistan olur”.      
         
Mövzu ilə bağlı danışan digər ekspert Tural İsmayılov isə bildirib ki, Ermənistanda valideynlər övladlarını əsgərliyə göndərmək istəmirlər, hətta bunun üçün rüşvətə əl atırlar.

“Ümumiyyətlə, Ermənistan hərbi xaotiklik vəziyyətinə görə nəinki bizim regionda, dünyada ad çıxarmış ölkələrdən biridir. Ermənistan hərbi nizam-intizamının olmaması və hərbçi çatışmazlığına görə də reytinqlərində həmişə yüksək sıralarda olub. 44 günlük Vətən müharibəsində də aldıqları məğlubiyyət təkcə Ermənistan ordusunun  və maddi-texniki təminatının dağıdılması demək deyildi. Buna görə də Ermənistanda valideynlər övladlarını əsgər göndərməməyə çalışırlar. Rüşvət və korrupsiya yolu ilə saxta sənədlər düzəldərək övladlarını hərbidən yayındırır. Eyni zamanda heç kim müqaviləli şəkildə orduda xidmət etmək istəmir. İş və maaş xatirinə olsa belə. Hansı ki, Ermənistanda iqtisadi durum da kifayət qədər bədbin proqnozlar üzərində qurulub. Bu baxımdan Paşinyan ölkədəki bu rəzaləti etiraf etmək məcburiyyətində qalıb. Ona görə də son aylarda artıq dəfələrlə müdafiə nazirlərini dəyişib. Ermənistanın heç bir hərbi mövcudluq imkanları qalmayıb. Əgər kövrək dövlətçilik elementlərini qorumaq istəyirlərsə, qalib tərəf kimi Azərbaycanın diktə etdiyi şərtlərə əməl etməlidirlər”. 

Sənan İsmayıl