Türk rəsmisinin “Qazaxıstan sovet təzyiqindən sağ çıxdı” bəyanatına sərt REAKSİYA


"Türkiyə səlahiyyətlilərindən bu cür pis niyyətli ritorikadan qəti şəkildə çəkinməsini gözləyirik”

“Bu qətiyyən  bulanıq sularda balıq tutmaq fürsəti kimi qəbul edilməməlidir"


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, rəsmi Ankaranın Qazaxıstanla bağlı pis niyyətli bəyanatlar verməkdən çəkinməsini və “bulanıq sularda balıq tutmağa çalışmamasını” gözlədiklərini bildirib.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, M.Zaxarova Türkiyə rəsmilərindən birinin açıqlamasından sonra bu fikirləri söyləyib.

 Türk rəsmisinin “Qazaxıstan sovet təzyiqindən sağ çıxdı, indi bəzi güclər onu yenidən tabe etdirməklə hədələyir” cümləsi Zaxarovanı hiddətləndirib: 

"Türkiyə səlahiyyətlilərindən bu cür pis niyyətli ritorikadan qəti şəkildə çəkinməsini gözləyirik. Bu qətiyyən  bulanıq sularda balıq tutmaq fürsəti kimi qəbul edilməməlidir".

Zaxarova fikirlərin hansı türk məmuruna aid olduğu ilə bağlı təfərrüatları açıqlamayıb.

ABŞ və Avropa Birliyi də Rusiyanın Qazaxıstana qoşun yeritməsini yaxından izlədiklərini bildirən açıqlamalar verib. Bundan əlavə, ABŞ dövlət katibi Entoni Blinken Qazaxıstanın KTMT-dən kömək istəməsini ölkədəki etirazları adekvat şəkildə cilovlamaq gücünə malik olsa da, anlaya bilmədiklərini deyib: “Məncə,  yaxın tarixlərdən öyrənə bilərlər ki, ruslar evinizə bir dəfə girsə, onları qovmaq çox çətin olacaq”.

Xatırladaq ki, nümayişlərin yayılmasından sonra Qazaxıstan prezidenti Kasım Comert Tokayev Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kömək istəməsi ilə Moskva ölkəyə 2000-dən çox əsgər göndərmişdi. Son günlərdə Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının əsgərləri Qazaxıstandan çəkilməyə başlayıb.

Çimnaz Şahlar