Ermənistanın dərsini verməyin zamanıdır

Qazaxıstan hadisələri Paşinyan hakimiyyətini eyforiyaya salıb

"Düşmənin hələ də təxribata əl atması göstərir ki, Ermənistan əvvəlki cəzalardan nəticə çıxarmayıb"

“Ermənistanın davamlı təxribatları ilə üzləşməmək üçün daha sərt tədbirlərə ehtiyac var”. Bunu “Şərq”ə açıqlamasında politoloq, AMİP funksioneri Əli Orucov deyib. Siyasi şərhçi bildirib ki, Paşinyan bəzən eyforiyaya qapılır və revanşistlərin oyununa gəlir: “KTMT-yə müvəqqəti dönəm sədrliyi edən Ermənistan rəhbərliyi qısa zaman öncə ağır məğlubiyyətə düçar olduqlarını unudur. Zənn edirlər ki, artıq Ermənistan “güclənib” və mövcud reallıqlar dəyişib. Qazaxıstan hadisələri də İrəvan hökumətinə yanlış düşüncələrə qapılmağa yardımçı olur. Qarabağı Qazaxıstanla eyniləşdirmək və sərhəddə təxribatlara əl ataraq KTMT-ni bölgəyə gətirməyə cəhd göstərmək absurd olmaqla yanaşı, həm də intihardır. 

Əfsuslar olsun ki, ermənilər KTMT-nin heç vaxt Azərbaycana qarşı cəbhə açmayacağını dərk etmək istəmirlər. Bütün cəhdlərin uğursuz olması da düşməni bu məsələdən vaz keçirə bilmir. 

Görünür, İrəvanın hərbi bloku prosesə cəlb etmək təşəbbüsləri hələ davam edəcək. Azərbaycan öz soyuqqanlığını itirməməklə bərabər aqressor Ermənistana layiqli dərsini verməlidir. Düşmənin hələ də təxribata əl atması göstərir ki, Ermənistan əvvəlki cəzalardan nəticə çıxarmayıb”. 

Ə.Orucov iddia edib ki, kənar qüvvələr Paşinyanı, o cümlədən revanşistlərə təlimat verirlər ki, sərhəddə təxribat ocaqlarını sönməyə qoymasınlar:

 “Azərbaycana təzyiq üçün bunu etsələr də, əslində bütün zərbə Ermənistana dəyir. Paşinyan bir neçə dəfə mesaj verib ki, əgər Rusiya İrəvana kömək etməzsə, o, Avropa Birliyinə üz tutacaq. Bəlkə də sərhəddəki təxribatlarla Qərb ölkələrini, daha dəqiqi Fransanı Cənubi Qafqazdakı proseslərə çəkmək niyyəti güdürlər”.