Şeyx Roma Papasını Azərbaycana dəvət edib

Papa Fransiski Qarabağa aparıb erməni vandalizmini göstərmək əhəmiyyətli olar

   Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Vatikanda səfərdədir. Yanvarın 13-də Şeyxülislamla Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk arasında təkbətək görüş olub. Şeyxülislam Papa Fransiskin dünyada sülh və ümumbəşər qardaşlıq uğrunda apardığı ardıcıl fəaliyyəti yüksək dəyərləndirib. Qafqaz Müsəlmanları İdarəsinin sədri öz növbəsində bu ideyaların təbliğinə dəstək məqsədilə yaxından iştirak etdiyini və bundan sonra da öz töhfəsini verəcəyini qeyd edib.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanla Vatikan arasında yüksək səviyyəli əməkdaşlıqdan və dinlərarası əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edib. Bu yaxınlarda Papa Fransiskin Ukrayna və Cənubi Qafqazda yaranmış vəziyyətlə bağlı verdiyi bəyanatın rəğbətlə qarşılandığını bildirib. QMİ sədri erməni tərəfinin bəzi təhrif olunmuş məlumatlar yaydığını deyib. Azərbaycandakı real vəziyyətlə yerində tanış olmaq üçün Vatikandan nümayəndə heyətinin ölkəmizə səfər etməsini təklif edib. İşğal zamanı istər müsəlmanlara məxsus, istərsə də digər dinlərə mənsub abidələrin erməni tərəfinin vandalizminə məruz qaldığı vurğulanıb.

 Şeyxülislam Allahşükür Paşazadə işğal zamanı erməni vandalizminə məruz qalan mədəni və dini abidələrlə bağlı faktları əks etdirən kitabı Papa Fransiskə təqdim edib. Papa Fransisk ölkəmizə səfəri zamanı Azərbaycanda dinlərarası mühitin nə qədər ahəng içində olduğunun canlı şahidinə çevrildiyini deyib. Bildirib ki, müsəlmanlar, xristianlar və digər dinlərə mənsub xalqların Azərbaycanda birgə yaşaması təqdirəlayiq haldır. Dinlərarası dialoq üzrə səmərəli əməkdaşlığa dair müzakirələrin aparıldığı görüşdə qarşılıqlı birgə səylərin əhəmiyyəti vurğulanıb.

Şeyxülislamla Roma Papası arasında baş tutan səmimi görüşü “Şərq”ə təhlil edən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, QMİ-nin Vatikana səfəri çox mühümdür. Professorun sözlərinə görə, Şeyx həzrətlərinin Roma Papasını Azərbaycana dəvət etməsi də təqdirəlayiq addımdır:

 “Erməniləri himayə edən müəyyən xristian dövlətlər, o cümlədən Rusiya təmsilçiləri zaman-zaman Qarabağdakı qədim alban məbədlərindən danışırlar. Hətta bəzən bizə məxsus tikililəri “erməni kilsəsi” kimi təqdim edərək onların “təhlükəsizliyi” məsələsini qabardırlar. Roma Papasının ölkəmizə səfəri bu məsələlərə aydınlıq gətirilməsi baxımından mühümdür. Xüsusən, Papanın Qarabağa aparılaraq erməni vandalizminin Papa Fransiskin diqqətinə elə yerindəcə çatdırılması çox yaxşı olar. Papa da bilər ki, erməni quldurları Qarabağdakı 67 məsciddən 65-ni yerlə-yeksan ediblər. Məscidlərimizdə donuz, mal-qara saxlayıblar. Şübhə yox ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Vatikana dövlət rəhbərliyinin təlimatı əsasında göndərilib. Vurğulamaq lazımdır ki, Vatikana Şeyxlə bərabər Azərbaycandakı digər dini icma rəhbərləri də səfər ediblər”. 

C.Nuriyev qeyd edib ki, Vatikan dünyanın ən mobil-teokratik mərkəzi, Roma Papası isə dünyanın 43 xristian ölkəsinin dini lideridir: 

“Gücü, nüfuzu, təsir imkanları genişdir. O baxımdan görüşün Azərbaycan üçün faydalı olacağına inanıram. Bir məqamı da qeyd edim ki, Azərbaycan-Vatikan arasında çox yüksək səviyyədə əlaqələrin qurulmasında əsas rolu Heydər Əliyev Fondu və Birinci-vitse prezident Mehriban xanım Əliyeva oynayıb. Mehriban xanım Əliyeva uğurlu siyasəti ilə mədəni əlaqələri siyasi əlaqələrə çevirməyi bacarıb. Məhz İkinci Qarabağ müharibəsində Vatikan başda olmaqla aparıcı xristian ölkələrinin Azərbaycana dəstəyinin arxasında məhz bu məqam dayanırdı”.