Kreml çəkindi

Siyasi elita qoşunların Qazaxıstanda qalmasını istəyirdi

"KTMT qoşunlarının orada qalması Ukrayna məsələsində Rusiyaya təzyiq göstərən Qərb ölkələri, xüsusilə ABŞ və NATO üçün əla fürsət olardı"

   KTMT sülhməramlıları dünəndən Qazaxıstanı tərk etməyə başlayıb. Məlumatı qurumun baş katibi Stanislav Zas da təsdiq edib. Prosesin 10 gün ərzində yekunlaşması qərara alınıb. İlk baxışda bu məqam özlüyündə yaxşı hadisə hesab edilə bilər. Ancaq buna qədər və bundan sonra baş verən hadisələr, verilən açıqlamalar diqqətdən kənarda qala bilməz. Bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putin və Rusiya Müdafiə naziri Sergey Şoyqu “sülhməramlılar”la bağlı açıqlamalar vermişdi. Onlar bildirmişdilər ki, KTMT sülhməramlıları lazım olan müddətə qədər Qazaxıstanda qalacaqlar. 

Bu açıqlamadan sonra Qasım-Comərd Tokayev 12 yanvarda açıqlama verərək bildirdi ki, artıq ölkədə vəziyyət nəzarət altındadır və KTMT sülhməramlıları 13 yanvardan etibarən Qazaxıstanı tərk etməyə başlayacaqlar. Kontingentin mühafizə etdiyi mövqelərin Qazax qüvvələrinə təhvil verildiyi haqda məlumatlar yayılmaqdadır. Eyni zamanda Qazaxıstan prezidenti ilə Putin arasında telefon danışığı və Tokayevin Moskvaya səfər edəcəyi ilə bağlı informasiyalar tirajlanmaqdadır. Maraqlıdır, Putin və Şoyqu KTMT “sülhməramlılar”ının hələ bir müddət Qazaxıstanda qalması ilə bağlı fikirlər səsləndirdiyi halda, qoşunlar hansı səbəblərə görə ölkədən çıxmaq məcburiyyətində qaldı?! 

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib ki, Rusiya siyasi elitası qoşunların Qazaxıstanda qalmasını istəyirdi. Lakin analitikin fikrincə, bunun üçün Rusiya beynəlxalq təzyiqlər qarşısında davam gətirməli idi:

 “Bu, indiki halda iqtisadi cəhətdən çətin məsələdir. Digər tərəfdən KTMT qoşunlarının orada qalması Ukrayna məsələsində Rusiyaya təzyiq göstərən Qərb ölkələri, xüsusilə ABŞ və NATO üçün əla fürsət olardı. Kreml Administrasiyası bunu gözardı edə bilməz. Rusiyaya qarşı sanksiyalar paketini işə salmağa bəhanə axtaran Qərbin də Qazaxıstanda öz maraqları var. Hətta Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev verdiyi açıqlamaların birində bildirmişdi ki, “Qazaxıstanda 300-dən çox Amerika şirkəti işləyir, onlar bizim ölkəyə 50 milyardadək investisiya yatırıb”. Bundan əlavə Amerikanın iri neft nəhəngi “Chevron”un da Qazaxıstanda böyük həcmdə investisiyaları var. Qazaxıstanın Qərb ölkələri ilə münasibətlərində Böyük Britaniya amili də qabarıq görünməkdədir. Böyük Britaniyaya məxsus “BP” şirkəti Qazaxıstanın neft-qaz sektorunda önəmli rola sahibdir”. 

S.Hümbətova görə, Kreml Administrasiyası Tokayev qarşısında bəzi şərtlər irəli sürə bilər: 

“Bu şərtləri Kreml öz propaqanda maşınları vasitəsi ilə mediada manşet etməyə başlayıb. Yayılan məlumatlarda Rusiya Qazaxıstan qarşısında dörd əsas şərt irəli sürür. Bunlar Krımın ilhaqının Qazaxıstan tərəfindən tanınması, rus dilinin yenidən rəsmən ikinci dil olması, Rusiya hərbi bazalarının qurulması və rusdilli əhaliyə muxtariyyət hüququnun verilməsidir. Hələ ki KTMT qüvvələri tam şəkildə Qazaxıstanı tərk etməyib. Ola bilər, yenidən hansısa "narahatlıq" yarana bilər və həmin qüvvələrin çıxarılması prosesi dayandırılar. 

Odur ki, KTMT qüvvələri tam şəkildə Qazaxıstanı tərk etməyənə qədər intervensiyanın başa çatmasından danışmaq tez ola bilər”.