"Hərbi əməliyyatların yenidən təkrarlanma riski ortaya çıxır"  - Analitik 

Turab Rzayev: "6 ay müddət qoyulub ki, sonsuza qədər gözləməyəcəyik. Yenə də 30 il yubada, başımızı qata
bilməzlər"

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. Dövlət başçısı müsahibəsi zamanı jurnalistin Ermənistanın zaman-zaman törətdiyi təxribatlar, baş verən ciddi toqquşmaların bir daha təkrarlanmaması üçün Azərbaycanın hansı tədbirlərdən istifadə edəcəyi və delimitasiya, demarkasiya ilə bağlı bu il gerçəkləşdirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı sualları cavablayıb.

"Biz, əslində, bu sülh gündəliyini onlara təqdim etmişik və delimitasiya ilə bağlı, əgər o baş tutarsa, ondan sonra demarkasiya
ilə bağlı çox aydın təkliflər irəli sürmüşük. Bildiyiniz kimi, ilkin mərhələdə Ermənistan cavab vermirdi, nə hə, nə yox deyirdi. Yəni, bu,
bir daha onu göstərir ki, Ermənistan rəhbərliyində gələcəklə bağlı açıq-aydın təsəvvür yoxdur".

Dövlət başçısı istər müharibə, istər keçmiş Qarabağ münaqişəsinin həlli, istərsə də Azərbaycaın gələcəklə bağlı siyasətnin tam aydın
olduğunu vurğulayıb: 
"Biz təklif etmişik ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanısın, sərhədlərin delimitasiyası ilə bağlı işlərə və
kommunikasiyaların açılması prosesinə start verilsin və sülh müqaviləsi imzalansın. Yəni, sülh müqaviləsinin imzalanması 100 faiz
qarantiya olmasa da, hər halda, müharibə riskini böyük dərəcədə minimuma endirir. Halbuki biz onu da bilməliyik ki, istənilən sülh
müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər. İndi imzalansa da, imzalanmasa da, biz dediyim kimi, öz hərbi gücümüzü,
qüdrətimizi daim artıracağıq və artırmalıyıq. Ermənistan tərəfi isə tərəddüd edir. Yenə də bu, onu göstərir ki, rəsmi dairələr bu məsələ
ilə bağlı öz fikrini hələ formalaşdıra bilməyib. Bir tərəfdən, onlar başa düşürlər ki, sülh müqaviləsi olmasa və güclü Azərbaycan mövcud
olduğu halda onların müəyyən narahatlığı ola bilər. Digər tərəfdən başa düşürlər ki, sülh müqaviləsi imzalanarsa, orada mütləq hər iki
ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması müddəası olmalıdır və onlar buna hazır olmalıdırlar. Ona görə, bilirsiniz, necə deyərlər,
iki daş arasında qalıblar. Ancaq seçim etməlidirlər, düzgün seçim etməlidirlər. Mən demişəm, bizim xoşniyyətli davranışımız şərt deyil
ki, əbədi olacaq və şərt deyil ki, bu təkliflər əbədi masa üzərində qalacaq. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman
biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız
var, nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün. Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki,
1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may
1918-ci ildə Ermənistana verildi. Yəni, bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var.
Amma buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə biz buna hazırıq. Amma mən qarantiya verə
bilmərəm ki, bu, altı aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, onda olmasın, onda görərik nə olacaq".

Analitik Turab Rzayev sülh gündəliyinin təqdim edilməsi ilə bağlı "Sherg.az"a danışıb. Onun sözlərinə görə, ölkə rəhbəri açıq şəkildə
bildirir ki, öhdəliklər yerinə yetirilməsə, biz də bəyanatdakı öhdəlikləri yerinə yetirməyəcəyik:

"Belə halda hərbi əməliyyatların yenidən təkrarlanma riski ortaya çıxır. 1 ildən çoxdur digər tərəfin öhdəliklərini yerinə yetirməsini
gözləyirik. Silahlı qüvvələrin, seperatçıların, terrorçuların tərkisilah edilməsi, Qarabağın bütün hissələrinə, sülhməramlıların nəzarət
etdiyi hissələrinin Azərbaycanın idarəsinə qaytarılması, Ermənistandan Qarabağa terrorçu və ya digər şəxslərin giriş
çıxışlarını nəzarət altına alınması və digərləri Azərbaycanın şərtləridir".

Siyasi şərhçi diqqətə çatdırıb ki, Zəngəzur dəhlizinin açılması, Naxçıvanla Zəngilan arasında avtomobil və dəmir yollarının
çəkilməsinə şərait yaradılması da reallaşdırılması gözlənilən addımlardır:

"Ermənistan tərəfi və onun havadarları öhdəliklərini yerinə yetirmir. Bəyanatın şərtlərindən qaça biləcəklərini
düşünürlər. Tez-tez açıqlamalarla rastaşırıq. Guya, Qarabağdakı müstəqil erməni dövlətindən danışırlar. Gah statusdan, gah qondarma
seperatçı rejiminin rəhbərini Qarabağ rəhbəri, Müdafiə naziri kimi təqdim edirlər. Rusiya sülhməramlılarının komandanları ilə görüş keçirirlər. Rusiyadan, Avropadan, xüsusilə Fransadan gələn nümayəndələrlə görüşlər
baş tutur. Yenə də silahlı hərbi şəxslər gəzir. Təxribatların şahidi oluruq. Ermənistanın sərsəm açıqlamaları verir. Qarabağın
müstəqiliiyi, "artsax" ifadələri işlədirlər. Əlbəttə,sonsuza qədər bunlara dözə bilmərik. Açıq formada bəyanatın bəndləri yerinə
yetirməlidir. Belə olmayacağı təqdirdə biz də həmin müddəaların həyata keçirilməməsini əsas gətirərək bəyanatın ləğv olunduğunu söyləyə,
yenidən hərbi əməliyyatlara başlaya bilərik. 6 ay müddət qoyulub ki, sonsuza qədər gözləməyəcəyik. Yenə də 30 il yubada, başımızı qata
bilməzlər".