"Azərbaycan  - NATO əməkdaşlığı kifayət qədər geniş və  çoxşaxəlidir”

 NATO-dan bilidirlib ki, təşkilat qarşıdakı dövrdə Azərbaycanla yüksək səviyyəli siyasi dialoqun və geniş praktiki əməkdaşlığın davam etdirilməsinə ümid edir: “NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina yaxınlardan regiona etdiyi səfəri zamanı Azərbaycanın bir sıra rəsmiləri ilə görüşüb. Görüşlər zamanı NATO ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri, o cümlədən "Planlaşdırma və Təhlil Prosesi" proqramı çərçivəsində Azərbaycan hakimiyyəti ilə əməkdaşlığın bərpası məsələlərinə baxılıb”. Cənubi Qafqazdakı vəziyyətə gəlincə, NATO-dan qeyd ediblər ki, Alyans Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üzrə addımları görməyə ümid edir:
 "Ermənistan və Azərbaycan NATO-nun dəyərli tərəfdaşlarıdır.Biz tərəfləri zorakılığın bərpasına səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırırıq. Həll olunmayan məsələlər diplomatiya yolu ilə həll edilməlidir. Biz Minsk Qrupu prosesi çərçivəsində və xaricində dialoqu alqışlayırıq və iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə addımların atılmasını görməyə ümid edirik".

 BDU-nun  professoru, siyasi elmlər doktoru Sabir Məmmədli  Azərbaycan - NATO münasibətlərindən  “sherg.az”a danışarkən bildirib ki, bu  əməkdaşlıq  artıq uzun illərdir davam edir : “Qarşılıqlı əməkdaşlıq həm hərbi təlimlərdə, həm də Azərbaycan hərbçilərinin NATO –nun müvafiq əməliyyatlarında özünü göstərir. O cümlədən Azərbaycan hərbçilərinin Əfqanıstanda fəaliyyəti də bura daxildir. NATO  rəsmisi Azərbaycan və Türkiyə  hərbçilərinin birlikdə Əfqanıstandakı xidmətini  çox yüksək qiymələndirib. Vaxtaşırı olaraq  Azərbaycan  və NATO görüşləri baş tutur. Üstəlik Azərbaycanın NATO standartalarına  uyğunlaşması baxımından  artıq neçə illərdir ki, proseslər gedir, layihələr həyata keçirilir. Digər tərəfdən  Azərbaycan NATO –nun üzvü olan Türkiyə ilə sıx əməkdaşlıq edir. Davamlı olaraq birgə hərbi təlimlər keçirir. Eyni zamanda  bu əməkdaşlıq 44 günlük Qarabağ  savaşından  sonra da ciddi şəkildə davam etdirilir. Azərbaycanın Türkiyə hərbçilərinin  dəstəyi ilə NATO standartlarına uyğun müvafiq hərbi birləşmələri də formalaşıb. Azərbaycan  - NATO əməkdaşlığı kifayət qədər geniş və  çoxşaxəlidir”.

S.Məmmədli  NATO–nun Minsk qrupunun fəaliyyətinə  münasibətinə də diqqət çəkib:  “Bilirik ki, ATƏT-in Minsk qrupunun rəhbərliyində olan üç həmsədr ölkədən ikisi  - ABŞ və  Fransa birbaşa NATO-nun üzvü olmaqla yanaşı burda müəyyən mənada söz sabidir. Onlar müəyyən mənada NATO-ya nüfuz edirlər. NATO rəhbərliyi bunu qəbul edir. Bu təşkilat da heç bir halda ATƏT-i əldən buraxmaq istəmir, ona loyal münasibət bəsləyir. Bbu xüsusda ABŞ və Fransa maraqlarını da nəzərə alır. Xatırlayırsınızsa, Brüsseldə  baş tutmuş NATO  - Azərbaycan görüşündə də xüsusi olaraq vurğulandı  ki, tərəflər arasında əməkdaşlıq dərinləşəcək. Diqqət etsək görərik ki, bu zaman Minsk qrupunun fəaliyyəti məsələsi qabardılmadı. Hətta görüşdən sonra da mətbuata ictimaiyyətə bu barədə ciddi məlumat verilmədi”.
Professor Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviçin "Rossiya Seqodnya” agentliyinin onlayn brifinqində  səsləndirdiyi fikirlərə toxunub : “O bildirib ki, Rusiya ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağa səfər edə bilməməsindən narahatdır. Güya  Azərbaycan Minsk qrupunun Yuxarı Qarabağ ərazisinə buraxmaq istəmir. Beləcə Minsk qrupu fəaliyyətsiz qalıb. Rusiya müəyyən mənada ümid bəsləyir ki, Azərbaycan rəhbərliyi bu qrumun fəaliyyətinə yaşıl işıq yandıracaq”.

Siyasi elmlər doktoru vurğulayıb ki, Azərbaycan  Minsk qrupunun  bundan sonrakı fəaliyyətinin müsbət nəticələr verəcəyinə inanmır. Belə olduqda Rusiyanın da bu qrumun işinə ümid bəsləməsi absurddur.