Rusiya Moldovanı da hədəf lövhəsinə gətirib: İğtişaşlar baş verə bilər

"İqor Dodonun hazırkı açıqlaması sosial etirazlardan doğan fikrin ifadəsindən çox, Kremlin artan hədələrinin elanı kimi başa düşülməlidir" 

Moldovanın eks-prezidenti İqor Dodon bildirib ki, Moldova xalqı hakimiyyətin fəaliyyətinə qarşı müxalifət partiyalarının dəstəyi ilə etiraza qalxa bilər : “Etirazlar situasiyadan çıxış yoludur. Lakin düşünürəm ki, etirazlar hər hansı partiya bayrağı olmadan baş tutmalıdır. Sosialist Partiyasının yeni rəhbərliyi vahid cəbhə yaratmaq üçün digər partiyaların liderləri ilə birləşməli, insanlar küçələrə çıxıb öz mövqeyini bildirməyi bacarmalıdır”. 
Onun sözlərinə görə, ölkədə bütün sahələrdə diktatura rejimi qurulur və xalq bunu anladığından hakimiyyətə hələlik müqavimət göstərə bilir.Qeyd edək ki, hazırda Moldovada sürətli inflasiya və enerji böhranı yaşanmaqdadır.

Doğrudanmı Moldovada hakimiyyət dəyişikliyi gözlənilir? Bu ölkədə Qazaxıstandakı hadisələr təkrarlana bilərmi? 

Siyasi  şərhçi Aqşin Kərimov mövzunu “sherg.az”a  şərh edərkən bildirib ki, İqor Dodon xələfi Mayya Sandudan fərqli olaraq Rusiya yönümlü siyasətini aşkar şəkildə elan edir : 
“Rusiyanı güclü edən amil təkcə onun silah arsenalı və coğrafi yaxınlıq səbəbilə qazandığı hərbi-strateji üstünlüklə bağlı deyil. Rəsmi  Moskva həm də SSRİ-nin “basdırdığı minaların” pultunu əlində saxlayıb hər an onu partlada biləcəyini bəyan edir. Moldovada da belə “mina” mövcuddur”.

A.Kərimova görə, Moldova hazırda  Dnestryanı münaqişədən əziyyət çəkir :

 “Bu ölkədə qərbyönümlü Mayya Sandu hakimiyyətə gəldikdən sonra Moskva qəzəbinin tonunu enerji nəqlinə tökdü. Belə ki, Rusiya Moldovaya satdığı qazın nəqli ilə bağlı şantaja keçdi. Amma sonradan tərəflər arasında razılıq əldə edildi. Bununla belə, Rusiya Moldovanı da hədəf lövhəsinə gətirib”.

 Analitikin kifrincə, İqor Dodonun hazırkı açıqlaması sosial etirazlardan doğan fikrin ifadəsindən çox, Kremlin artan hədələrinin elanı kimi başa düşülməlidir : “Dodonun açıqlaması Qazaxıstan senarisinin ölkəsində təkrarlanması üçün çağırışdır ki, bu da Rusiyanın əlini gücləndirən amilə çevrilir. İndi rəsmi Moskvanın dəstəyi ilə bu ölkədə çevrilişin həyata keçirilməsi realdır. Digər tərəfdən sosial etirazların qızışdırılması  da buna  zəmin yaradır”.