Drian riyakardır

Fransanın "baş diplomatı" bütün diplomatik ənənələri pozub

"Fransalı siyasətçilərin və vəzifəli şəxslərin Azərbaycan dövlətinə, onun başçısına yönəlik böhtan, təhqir və ədəbsizliklərə qarşı ən sərt formada cavab verilməlidir"

Fransanın Avropa və xarici işlər üzrə naziri Jan-İv Lö Drian həddini aşan bəyanatla çıxış edib. O, yanvarın 18-də Fransa parlamentində çıxışı zamanı Azərbaycan rəhbəri İlham Əliyevin Fransa prezidentliyinə namizəd Valeri Pekresin Qarabağa qanunsuz səfəri ilə əlaqədar söylədiyi haqlı fikirlərin “forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu” bildirib.

Bu azmış kimi, Azərbaycan Prezidentinin əsaslı iradlarına qərəzli və öz səviyyəsinə uyğun şəkildə münasibət bildirən, daha doğrusu, sərsəmləyən Respublikaçılar Partiyasının deputatı Erik Siottinə adekvat cavab verməyib. Əksinə, onun və Pekresin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı nümayiş etdirdiyi açıq hörmətsizliyə haqq qazandırmağa çalışıb. Drian bununla həm beynəlxalq hüquqa, həm də diplomatik normalara kobud şəkildə hörmətsizlik edib. Çünki bu şəxs yaxşı bilir ki, bir ölkənin sərhədlərini pozmaq və qanunsuz və gizli şəkildə həmin ölkəyə daxil olmaq cinayət əməli hesab olunur. “Fransanın “baş diplomatı” ən azından həmkarlarının bu qanunsuz hərəkətlərinə etiraz etməli, bu addımın ölkəsinin rəsmi mövqeyinə zidd olduğunu dilə gətirməli idi. Xarici işlər naziri kimi o, bunu etməyə, sadəcə, borclu idi. Ancaq o, nəinki bunu etmədi, əksinə, bu qanunsuzluğa haqq qazandıraraq Azərbaycanın Prezidentinə “dil uzatmağa” çalışdı. Artıq neçənci dəfədir ki, Fransa rəsmiləri belə cılız hərəkətləri ilə erməni diasporunun əlində oyuncağa çevrildiklərini, beynəlxalq səviyyədə qəbul edilmiş norma və prinsiplərin onlar üçün nə qədər əhəmiyyətsiz olduğunu nümayiş etdirirlər. 

Milli Məclisin Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Soltan Məmmədov deyib ki, Azərbaycanın hədəfə alınması Fransanın sülhdə maraqlı olmasına şübhələr yaradır. Deputatın sözlərinə görə, Fransa Milli Assambleyasında Azərbaycanla bağlı aparılan son müzakirələrin məzmunu ikitərəfli münasibətlərə zərbə vurur:

 “Respublikaçılar Partiyasının üzvü Erik Siottinin çıxışında səsləndirdiyi əsassız fikirlər və Drianın bu çıxışa reaksiyası ikitərəfli əlaqələrdə etimad mühitinin yenidən bərpasına dair təşəbbüsləri zədələyir. Bu cür məsuliyyətsiz münasibət siyasi nəzakətsizlikdir. Vətən müharibəsi dövründə Fransanın nümayiş etdirdiyi ədalətsiz mövqe qarşılıqlı etimadın ciddi formada zədələnməsinə səbəb olmuşdu. Lakin son dövrlər biz əlaqələrin normallaşdırılması ilə bağlı bəzi cəhdlərin şahidi olurduq. Təəssüf ki, Valeri Pekres, Mişel Barniyer və Brüno Retayyonun Azərbaycanın ərazilərinə qanunsuz səfəri bu ümidlərə xeyli dərəcədə kölgə saldı. Azərbaycanın ərazi bütövlüyü heç bir ölkədə seçki kampaniyasının, namizədlər arasında siyasi mübarizənin elementinə çevrilə bilməz. Hər hansı bir ölkənin deputatının Azərbaycan dövlətinin ali rəhbərliyi haqqında nəzakət çərçivələrini aşan ifadələr işlətməsi qəti şəkildə yolverilməzdir”. 

Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da qeyd edib ki, Lö Drian dövlət başçısının açıqlamasını olduqca ədəbsiz və məsuliyyətsiz formada şərh etməklə diplomatik ənənələri pozub: 

“Görəsən, Avropada Fransa qədər diplomatik tərbiyədən uzaq ikinci bir dövlət varmı? Maraqlıdır ki, özlərinin Milli Assambleyasına da xeyli belə tərbiyəsizləri yerləşdiriblər və gücləri çatan ölkələrə qarşı yekəxana tərzdə açıqlamalar verirlər. Azərbaycan Prezidenti bu qanmazlara izah edir ki, sənin prezidentliyə namizədin sərhədlərimizi pozaraq Azərbaycan ərazisinə daxil olur və terrorçularla əməkdaşılıq edir. Əvəzində Milli Assambleyanın Respublikaçılar Partiyasından olan üzvü Erik Siotti ədəbsizlik edərək dövlət başçısını təhqir etməyə özündə cəsarət tapır. Prezident İlham Əliyevin Valeri Pekres, Mişel Barniyer və Brüno Retayyonun Azərbaycanın ərazilərinə qanunsuz səfəri ilə bağlı açıqlamaları birbaşa suveren dövlətin beynəlxalq hüququn tələblərini xatırlatmağa əsaslanır və tamamilə məntiqlidir. Əslində Prezident əli Azərbaycan xalqının qanına bulaşmış terrorçuları dəstəkləyən bu qanuntanımaz fransızları yumşaq üslubda tərbiyələndirməyə, islah etməyə çalışıb. Pekresin Fransa prezidentliyinə namizədlik statusunun Azərbaycan ərazisində deyil, yalnız Fransada keçərli olduğunu xatırladıb. Onsuz da Azərbaycanda Fransa 44 günlük müharibə və ondan sonrakı dövrdə işğalçı Ermənistanın tərəfində yer alan və terroru dəstəkləyən ölkə kimi tanınır. Üstəlik, Fransa Milli Assambleyası tarixdə analoqu olmayan həyasızlığa imza atıb. Fransalı siyasətçilərin və vəzifəli şəxslərin Azərbaycan dövlətinə, onun başçısına yönəlik böhtan, təhqir və ədəbsizliklərə qarşı ən sərt formada cavab verilməlidir”.

Siyasi ekspert Elçin Mirzəbəyli də vurğulayıb ki, əslində, Drian çox yaxşı bilir ki, Fransa prezidentliyinə namizəd Valeri Pekresin Azərbaycan ərazilərinə rəsmi Bakının razılığını almadan səfər etməsi qanunsuzdur. Çünki Fransada pasport nəzarəti rejiminin və miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı qanun layihəsinin müəlliflərindən biri də odur: 

“Məhz onun həmmüəllifi olduğu qanun layihəsində, Fransa tarixində ilk dəfə olaraq ölkə sərhədlərinin qanunsuz şəkildə keçilməsinə görə 1 il müddətində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Belə olduğu təqdirdə, Drianın Azərbaycan ərazilərinə qanunsuz səfər edən Valeri Pekresin əməllərini tənqid etmək əvəzinə, forma, məzmun və mahiyyət etibarilə qəbuledilməz fikirlər səsləndirməsi Fransanın xarici siyasət idarəsinin rəhbərinin riyakarlığından xəbər verir”.