Ermənistan konstitusiya dəyişikliyinə hazırlaşır

Bundan sonra Azərbaycanla sülh müqaviləsinin imzalanması gözləniləndir

   Ermənistanın “Past” nəşri yazıb ki, ölkənin səlahiyyətli şəxsləri yenidən konstitusiya dəyişiklikliyinə qayıtmaq niyyətindədir. Qəzetin iddiasına görə, bu dəfə söhbət dərin, köklü dəyişikliklərdən, demək olar yeni konstitusiyadan gedir. Xüsusən, yarımprezidentlik idarəetmə sisteminə keçid, idarəetmə modelinin dəyişdirilməsi nəzərdə tutulur. Vurğulanır ki, Baş nazir Nikol Paşinyan ötən ilin sonuna qədər referendum keçirmək istəsə də, niyyəti baş tutmayıb. Ancaq ən geci 2022-ci ilin yazında referendumu həyata keçirmək arzusundadır. Paşinyanın Ermənistan konstitusiyasının dəyişdirilməsi üzrə komissiyanın yaradılmasına dair göstəriş verdiyi də deyilir. 

Erməni hüquqşünas Robert Hayrapetyan bildirib ki, konstitusiyanın dəyişdirilməsi üzrə komissiyanın yaradılması Azərbaycan və Türkiyənin istəklərinə xidmət edir: 

“Hakimiyyətin sadəcə “Qarabağın müstəqilliyi” tezisindən imtina etmək üçün konstitusiyaya dəyişiklik etmək istədiyini istisna etmirəm. Ermənistana qayıdan əsirlərə qarşı pis münasibət həm də Azərbaycan proqramının həyata keçirilməsi ola bilər”. Hayrapeytana görə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi qondarma “soyqırımın” beynəlxalq səviyyədə tanınmasının inkarından tutmuş mifik iqtisadi nəticələrə qədər ciddi təhlükələr yaradacaq. Onun sözlərinə görə, İrəvan və Ankaranın xüsusi nümayəndələri arasında danışıqlardan sonra yayımlanan mətnin erməni dilindəki variantında konstruktiv görüşün baş tutduğu, ingilis və rus mətnlərində isə danışıqların müsbət və konstruktiv atmosferdə keçdiyi bildirilib. Hayrapetyan vurğulayıb ki, Ermənistan hakimiyyəti öz seçicilərini mətnin ermənicə variantında qeyd olunan miflərlə qidalandırır. Ekspertin fikrincə, Paşinyan ölkə konstitusiyasını dəyişdirərək Türkiyəyə qarşı ərazi və saxta “soyqırımı” iddialarından vaz keçməyi qarşısına məqsəd qoyub. 

Ermənistanın siyasi dairələrində baş verənlərlə bağlı “Şərq”ə danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanda konstitusiya islahatlarından sonra Azərbaycanla normallaşma istiqamətində addımlar atıla və sülh müqaviləsinin bağlanmasına gedilə bilər. Analitikin sözlərinə görə, Baş nazir Nikol Paşinyan hazırkı konstitusiyanı referendumla dəyişdirməklə ilk növbədə parlament respublikasını ləğv edib, əvvəlki sistemə qayıtmağı düşünür:

 “O, prezidentlik postunu tətbiq etməklə, bütün səlahiyyətləri öz əlində cəmləşdirməyi hədəfləyir. Ölkədə bütün idarəetmə sistemini əlində cəmləşdirərək hakimiyyətini gücləndirmək istəyir. Həmçinin, konstitusiyadan Türkiyəyə qarşı ərazi iddiaları və Ağrı dağının gerbdən çıxarılması, Qarabağla bağlı bəndlər çıxarıla bilər. Ermənistanın Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıması üçün konstitusiyada dəyişikliklər etməlidir. Ermənistanda konstitusiya dəyişiklikləri edilərsə, sülh müqaviləsi istiqamətində addımlar ata bilər. Buna baxmayaraq Ermənistan tərəfinin təxribatları mümkündür”.