“Rəsmi Moskva səmimi deyil, çünki...”


“Rusiya Ermənistanla müttəfiq ölkədir. Hər ikisi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyinin üzvüdür”

“Ona görə də, Azərbaycan Rusiya ilə maraqlarını uyğunlaşdırıb, İrəvan hökumətinə öz şərtlərini qəbul etdirməyi bacarmalıdır”

 Rusiya Xarici İşlər Nazirliyi (XİN) yanvarın 21-i Azərbaycan və Ermənistanla bağlı açıqlama yayıb. Məlumatda Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesində uğur əldə edilərsə, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşa biləcəyi qeyd olunub. 

Bildirilib ki, Moskva Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında təsbit olunmuş üçtərəfli razılaşmaların tam şəkildə həyata keçirilməsini zəruri hesab edir.

Rusiya XİN-in bəyanatındakı “kod”ları açan siyasi şərhçi Əhəd Məmmədli “Sherg.az”a bildirib ki, diplomatiyanın əsasını maraqları uyğunlaşdırma siyasəti təşkil edir:

“Hər bir dövlətin siyasi məsələlərdə öz maraqları var. Rusiya da Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya məsələsində öz siyasi mənfəətini əsas tutur. Şimal qonşumuzun mənafeyi bəzən Azərbaycanın, bəzən isə Ermənistanın maraqları ilə uyğunlaşa bilər. 

Bu səbəbdən Rəsmi Moskvada səmimiyyət axtarmaq lazım deyil. Çünki Rusiya Ermənistanla müttəfiq ölkədir. Hər ikisi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyinin üzvüdür. 

Ona görə də, Azərbaycan Rusiya ilə maraqlarını uyğunlaşdırıb, İrəvan hökumətinə öz şərtlərini qəbul etdirməyi bacarmalıdır. Mənafelər üst-üstə düşməyə də bilər, yenə də Azərbaycanın şərtləri Ermənistana qəbul etdirilməlidir.

 Çünki biz müharibədən qalib ayrılmışıq. Lakin qərb dövlətləri  qalibiyyətimizi həzm etmirlər. Onlar istəyirlər ki, Azərbaycan hərb meydanında əldə etdiyi uğurları diplomatik masada itirsin. Nə Ermənistana, nə Rusiyaya, nə Fransaya, nə də ABŞ-yə güzəştə gedilməlidir”.

Xanlar ƏLİBƏY