Avropa Parlamenti Qazaxıstana sanksiyalar tətbiq edir


Yeganə Hacıyeva: "İstənilən halda Qazaxıstanın hakimiyyəti ilə beynəlxalq münasibətlərdə sərtləşməyə gedilməməlidir" 

Çünki bu hadisədən birmənalı olaraq, ən çox Rusiya faydalanacaq 

Avropa Parlamentinin üzvləri bu gün keçirilən plenar iclasda Qazaxıstanda son etiraz və iğtişaşları müzakirəyə çıxarıb. Qazaxıstanda hakimiyyətin insan hüquqlarının müdafiəsi ilə bağlı kobud pozuntulara yol verdiyi barədə səs çoxluğu ilə qətnamə qəbul ediblər.
“Report” xəbər verir ki, qətnamədə ciddi insan hüquqları pozuntularına görə Qazaxıstan rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı çağırışlar yer alıb.
Sənədi səs verən 671 deputatdan 589-u qətnamə layihəsini dəstəkləyib, 35 deputat əleyhinə çıxıb, 47-si bitərəf qalıb.
Avropa Parlamentinin qətnamələri deklarativ xarakter daşıyır və məcburi deyil, lakin Aİ institutları və Avropa ölkələri dövlətlərarası münasibətlərdə onları nəzərə alır.
Qətnamədə deputatlar, xüsusilə, Avropa İttifaqı Şurasını 2022-ci ilin yanvarında etirazlar zamanı yol verilmiş ciddi insan hüquqları pozuntularına görə məsuliyyət daşıyan yüksək vəzifəli Qazaxıstan rəsmilərinə qarşı şəxsi sanksiyalar tətbiq etməyə çağırıblar.

Avropa Parlamentinin bu addımını “Şərq”ə şərh edən siyasi şərhçi Yeganə Hacıyeva bildirib ki, istər ABŞ, istərsə də Avropa Şurası (AŞ) Qazaxıstanla bağlı proseslərə reaksiya verməkdə gecikiblər:

 “Qazaxıstanda küçələrdə real proseslər baş verəndə ABŞ, AŞ və  Avropa Parlamentinin heç birinin  lazımi səviyyədə reaksiyasını görmədik. Ancaq Avropa Birliyi xarici siyasət və təhlükəsizlik komissarı Tokayevin "etirazçıları küçədə öldürmək lazımdır" fikrinə iradını bildirib. Bunun xaricində ciddi bir irad görmədik. Bu da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qismində Qazaxıstana daxil olan Rusiyanın bu təcrübəni daha sonra təkrarlaya bilməsi üçün motivasiya oldu. Yəni bu proseslərdə qarşısında heç kimi görmədi. 

Sanksiyalar olacaq. Ancaq bu sanksiyalar ümumilikdə Qazaxıstanın təcrid olunması ilə nəticələnəcək və təcrid olunan Qazaxıstan Rusiya ilə daha çox yaxınlaşacaq.

  Ümumiyyətlə, xarici siyasətdə sanksiyalar təcrübəsi gözlənilən nəticəni vermir. Hətta, əks effekt yaradır. Çox da uzaq olmayan təcrübədə Belarusiyaya sanksiyaların tətbiq olunması onun Rusiya ilə yaxınlaşmasına xidmət elədi. Burada fərqli yanaşma lazım idi. Özünü Belarusiyanın nümunəsində doğrultmayan sanksiya üsulu indi də Qazaxıstana tətbiq edilir. Eyni zamanda Özbəkistana münasibətdə də müəyyən sanksiyalar olmuşdu və həmin proseslər heç bir fayda verməmişdi. Bu, ABŞ-ın və Avropa qurumlarının, ümumilikdə Qərbin səhvlərdən nəticə çıxarmadığının göstəricisidir.  Belə olduqda prosesləri real dəyərləndirmək olmur və ancaq mövsümi qiymətləndirmələr aparırlar. 
Qazaxıstanla bağlı proseslərdə Avropa gecikib, Çin və Türkiyə isə irəli düşüb. Eyni zamanda rus ordusunun KTMT qismində Qazaxıstana daxil olub orada sakitlik yaradaraq çıxması göründüyü kimi deyil. KTMT-nin oradan çıxmaq kimi bir fikri yox idi.  Eskalasiyanın 4-cü günündə Rusiyanın patriarxı Qazaxıstanı qədim rus torpaqları elan etmişdi. Vladimir Putin də bəyan etmişdi ki, biz öz evimizdə rəngli inqilablara icazə verməyəcəyik. KTMT-nin Qazaxıstan ərazisindən çıxmasının əsas səbəbi Türkiyə və Çinin bu mövzuda qəti mövqeyi idi. Bu müddət ərzində Çinin dövlət başçısı və xarici işlər naziri eyni zamanda Türkiyə xarici işlər naziri və Türkiyə prezidentinin sözçüsü  “Qazaxıstanın suverenliyi vacib məqamdır” mesajını verdi və Qazaxıstanda baş verən hadisələrdə kənar iştirakın faktlarını ortaya qoyaraq KTMT-nin oradan çıxmasına səbəb oldular.                 

   İstənilən halda Qazaxıstanın hakimiyyəti ilə beynəlxalq münasibətlərdə sərtləşməyə gedilməməlidir. Çünki bu hadisədən birmənalı olaraq, ən çox Rusiya faydalanacaq”. 

Yeganə Hacıyeva həmçinin qeyd edib ki, Avropa Parlamentinin qətnamələri tövsiyə xarakterli sənədlərdir. 
“Yəni onlar ancaq hakimiyyətin bu və ya digər qanadlarına çağırışlar edə bilərlər. Ancaq Avropa Şurası Avropa Nazirlər Kabinetinə sənəd təklif etmiş və baza rolunu oynamış olarsa, bu halda həmin sənədləri nəticəyə hesablanmış mesaj hesab etmək olar. 

Bütün bunlara rəğmən, Qazaxıstanda insan haqları ciddi şəkildə pozulub. Rusiya ölkənin hakimiyyətdaxili qruplaşmalarında iştirak edərək digər post-sovet ölkələrindəki rusyönümlü ölkələrə mesaj verdi ki, o, istənilən ölkədə baş verən bu tip proseslərə qoşulub vəziyyəti öz xeyrinə dəyişə bilər”.
 
Sənan İsmayıl