Qazaxıstan hadisələri dərs oldu


Rusiya üzərindən gələn xəbərlər həmişə birtərəfli qaydada hazırlanır
Türk dövlətlərinin ortaq informasiya platformasının yaradılması sürətləndirilməlidir

Ötən ilin əvvəllərində türk dövlətlərinin ortaq media platformasının yaradılması geniş müzakirə olundu. Bu təşəbbüslə əlaqədar 2021-ci ilin aprel ayının 9-10-da Bakıda bir sıra türk dövlətlərindən olan məsul şəxslərin də iştirakı ilə toplantı keçirildi. Ancaq üzərindən xeyli zaman keçməsinə baxmayaraq bu yöndə ciddi konstruktiv addımlar atılmayıb və proses olduqca ləng gedir. Qazaxıstanda baş verən hadisələr təkcə Türk Dövlətləri Təşkilatının struktiv cəhətdən yetərsizliyini deyil, həm də bu dövlətlərin ortaq informasiya  platformasının əskikliyini ciddi şəkildə hiss etdirdi.  

Bu barədə “Şərq”ə danışan “Türküstan” qəzetinin baş redaktoru Aqil Camalın sözlərinə görə, Qazaxıstanda baş verən hadisələr zamanı yaranmış vəziyyət türk dövlətlərinə örnək olmalıdır.

  Ötən ilin ortalarında türk dünyasının media platformasının yaradılması ilə bağlı razılıq əldə olundu. Amma ondan sonra təşkilati formada bu barədə yeni informasiyalar yox idi. Türk dövlətləri mediasının ortaq platformasının yaradılmasında əsas məqsəd ortaq media siyasəti yürütmək, türk dövlətlərində baş verən hadisələr haqqında dünyanın başqa informasiya vasitələrindən deyil, birbaşa mənbələrdən xəbər əldə etmək imkanından yararlanmaq məsələsi var idi.

Amma yanvarın əvvəlində Qazaxıstanda baş verən hadisələr göstərdi ki, bu sahədə hələ ciddi boşluqlar var. Hər hansı önəmli irəliləyiş olmayıb. Qazaxıstanda yaşanan hadisələr sanki bizə 20 yanvar hadisələrini xatırlatdı. 1990-cı ilin yanvar ayında Azərbaycanda da həmin situasiya yaranmışdı və eyni şəkildə informasiya blokadasında idi. Televiziya bloku partladılmışdı. Azərbaycan xalqının başına gətirilən olayların xaricə daşınması imkanı çox məhdud idi. Bu gün biz bunları Qazaxıstanın nümunəsində də yaşadıq. Rusiya  üzərindən gələn xəbərlər isə birtərəfli qaydada hazırlanmışdı və qeyri-müəyyən idi. Məsələn, orada nə baş verdiyi, qarşı duran tərəflərin kim olması, Nazarbayevin taleyi ilə bağlı məsələlər naməlum olaraq qalırdı. Bu vəziyyət təkcə Azərbaycan oxucusu üçün deyil, digər türk dövlətlərinin oxucuları üçün də oxşar idi. 
Yaranmış bu vəziyyət dərs olmalıdır. Türk dövlətləri arasında media platformasının yaradılması prosesi sürətləndirilməlidir ki, gələcəkdə baş verə biləcək hadisələr zamanı belə vəziyyət yaranmasın.

Sənan İsmayıl