Hind okeanına birgə çıxdılar

İran, Çin və Rusiyanı antiqərb siyasəti birləşdirir

"Hərbi təlimlərin bir məqsədi də dənizlərdə, okeanlarda Amerikanın hegemonluğuna mane olmaqdır"

İran, Çin və Rusiyanın hərbi dəniz qüvvələri birgə hərbi təlimlərə başlayıblar. "Dəniz təhlükəsizliyi kəməri" adlanan təlimlər Hind okeanının şimal hissəsində keçirilir.  Təlimlərin əsasını yanan gəminin xilas olunması, qaçırılan gəminin azad edilməsi, gündüz və gecə dəniz hədəflərinə atəş açmaq da daxil olmaqla müxtəlif taktiki manevrlərin icrası təşkil edir. 

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Şərq"ə açıqlamasında bildirib ki, bu üç ölkəni antiqərb siyasəti birləşdirir:

"Səbəb isə Qərbin Rusiya, İran və Çinlə münasibətinin gərginliyidir. Bu ölkələrə qarşı müxtəlif sanksiyalar mövcuddur. Ona görə bu üç ölkə qərbə qarşı bir koalisiya formalaşdırıb. Onların tarixində ilk dəfə Hind okeanında bu gündən başlayaraq hərbi təlimlər keçirirlər. Bundan başqa, İran prezidentinin bu günlərdə Rusiyaya səfəri olub. Dövlət başçıları görüşüb. Rusiyanın dəstəyinə ehtiyac var. Çinlə də İran əməkdaşlıq edir. 25 illik saziş imzalayıblar. İranın Rusiya və Çindən asılılığı getdikcə artır. Çünki İrana qarşı daha sərt cəza tədbirləri göz önündədir. Ona görə də indiki vəziyyətdə Rusiya və Çin hərbi ittifaqa da çalışır. Rəsmi Moskva Tehrana böyük investisiyalar yatırmır. Amma rəsmi Pekinin investisiyaları İrana gələcək. Lakin İranda hər kəs bu vəziyyətdən razı deyil".

Politoloq əlavə edib ki, hərbi təlimlərin bir məqsədi də dənizlərdə, okeanlarda Amerikanın hegemonluğuna mane olmaqdır:

"Çünki okeanlarda ən çox hərbi gəmiyə malik olan dövlət ABŞ-dır. Dünyada yüzlərlə hərbi bazası var. Sanki bununla üç dövlət Amerikaya meydan sulamaq istəyir. Amma inanmıram ki, bu, Amerikanın planlarını əngəlləsin. Sadəcə beynəlxalq aləmə İran, Çin və Rusiya hərbi təlimlər vasitəsilə mesaj göndərir. Bununla Amerikaya qarşı güclü blok formalaşdırıblar və planlarına mane olmaq niyyətindədirlər".        
     
Sücayət Mehti