Sifarişli açıqlama...

Paşinyanın sülh bəyanatının arxasında xüsusi məqsədlər var

Baş nazir çalışır ki, imzalayacağı müqavilənin məsuliyyətini özü yox, ordu üzərinə götürsün


   Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bildirib. Lakin baş nazir əlavə edib ki, bu sənəd danışıqlar prosesi nəticəsində tərtib olunmalıdır. Paşinyan xatırladıb ki, Ermənistanla Azərbaycan parlamentləri hələ 1992-ci ildə bir-birinin MDB çərçivəsində mövcud sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünü tanımaq haqqında sənədləri ratifikasiya ediblər. Ancaq baş nazirin fikrincə, bir çox məsələ və incəliklər həll olunmamış qalır və bunun üçün danışıqlar aparılmalıdır.

Paşinyan qeyd edib ki, rəsmi İrəvan Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik tədbirləri haqqında təkliflərini həm Moskvaya, həm də Bakıya təqdim edib: “Təkliflər sərhədlərin demarkasiyasına deyil, sərhəddə təhlükəsizlik və sabitlik səviyyəsinin qaldırılması üzrə tədbirlərə aiddir. Söhbət, xüsusilə, mənim hələ 2021-ci ilin may ayında dediyim, “qoşunların simmetrik şəkildə geri çəkilməsindən” gedir”. 
Paşinyan təkliflər haqqında Azərbaycan Prezidentinə Brüssel görüşü zamanı məlumat verdiyini bildirib: “Hazırda müzakirələr davam edir və biz müzakirə prosesinə zərər vurmamaq üçün onun təfərrüatlarını açıqlamaq istəmirik”. Baş nazir hesab edir ki, sərhədlərin demarkasiyası və delimitasiyası üzrə komissiya mümkün qədər tez yaradılmalıdır. 

Siyasi təhlilçilərin qənaətincə, Paşinyan “danışıqlar” deyərkən vasitəçi ölkələrin, Minsk qrupu həmsədrlərinin də prosesdə iştirakını nəzərdə tutur. Baş nazir əvvəllər də dəfələrlə bəyan edib ki, sülh müqaviləsi istiqamətində müzakirələr mütləq həmsədrlərin nəzarətində və qarantorluğunda getməlidir. 

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Şərq”ə açıqlamasında bildirib ki, Paşinyanın problemlərin həllinə yönəlik metodlarının hamısı güc faktoruna söykənir. Analitik deyib ki, ermənilərin Qarabağ üzərində iddiaları ona görə sonlandı ki, 44 günlük müharibədə qalib gəldik:

 “Paşinyan təxminən eyni senaridən çıxış edərək sülh məsələsini gündəmə gətirir. Baş nazirin sülh müqaviləsi və sərhədlərə dair sənədə imza atması böyük məsuliyyət yaradır. Ancaq Paşinyan erməni cəmiyyətinə bunu məsuliyyət kimi yox, erməni hakimiyyətinin məcbur qalaraq yerinə yetirdiyi öhdəlik kimi təqdim etməyə, rəsmiləşdirməyə çalışır. İctimai rəyi hazırlayır ki, güclü Türkiyə ilə Azərbaycan arasında qalmış Ermənistanın başqa çıxış yolu yoxdur. Bu məcburiyyəti əsaslandıraraq, Ermənistanın arxasında Rusiyanın dayanması faktını önə sürür. Vurğulayır ki, əgər Ermənistanın arxasında Rusiya yox, Qərb dayansaydı, ermənilər müharibədə məğlub olmazdı. Baş nazir Rusiyanın Ermənistandakı maraqlarını, ictimai rəydəki yerini laxlatmağa çalışır”. 

Ə.Əlibəyliyə görə, Paşinyanın sülhə dair bəyanatlarının arxasında xüsusi məqsədlər dayanır:

 “Baş nazirin “sülh müqaviləsi rəsmiləşdirilməlidir” ifadəsi göstərir ki, İrəvan hökuməti konkret addım atmağa məcbur edilir. Ona görə də baş nazir “rəsmi öhdəliklərin” vacibliyindən danışır. Ermənistanda hakimiyyətin hərbi elita üzərində təsir imkanları yoxdur. Əlavə olaraq, hakimiyyət daxilində yaşanan proseslər, önəmli istefalar hökumət böhranının göstəricisidir. Paşinyan çalışır ki, imzalayacağı müqavilənin məsuliyyətini özü yox, ordu üzərinə götürsün. Bu, sülh müqaviləsi imzalandıqdan sonra sərhəddə baş verə biləcək hansısa təxribatın məsuliyyətini ordunun üzərinə yükləmək üçün zəruri şərtdir. Ümumilikdə isə xaosdan bəslənən bir siyasətçinin prosesdə xarici aktorların sayını artırmağa çalışması, ATƏT-in Minsk qrupunu danışıqlarda vasitəçi kimi gündəmə gətirməsi Qərbin sifarişidir. Həm Fransa, həm də ABŞ-dakı güclü erməni lobbisinin təzyiqləri Paris və Vaşinqtonu Qarabağ prosesində aktiv davranmağa məcbur edir”.