Ərdoğanın vasitəçiliyi sonuncu şansdır

Rusiya aqressivləşir, müharibə riski gündəmdən qalxmayıb

Kreml indiki böhranlı vəziyyətdən çıxmaq üçün Türkiyəni geri çevirməməlidir. Çin və İran istənilən vaxt Moskvanı meydanda tək buraxa bilər

Rusiyanın “Siyasi Araşdırmalar Mərkəzi”nin direktoru Sergey Markov Türkiyənin rəsmi Moskva və Kiyev arasında vasitəçi olmasını şərh edib. Analitik bildirib ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Moskva-Kiyev arasında vasitəçi olmaq, həmçinin Ankarada görüş keçirmək təşəbbüsü düzgün və zamanında edilmiş təklifdir. Politoloqa görə, Ərdoğan Ukraynanın daxili probleminə müraciət etməklə müasir beynəlxalq siyasətin ən vacib problemlərindən birinə toxunur: “Bu problem çoxlarını narahat edir və onun münasibətlərin yaxşılaşdırılmasına töhfəsini verməyə çalışması faktının özü mühümdür”. 

Xatırladaq ki, yanvarın 21-də Türkiyə prezidenti Rusiya və Ukrayna arasında münasibətlərin nizama salınmasında vasitəçilik etməyə hazır olduğunu bildirib. Ərdoğan Ukraynaya səfər etmək, həmçinin Rusiya rəhbəri Vladimir Putinlə telefon danışığı aparmaq niyyətində olduğunu açıqlayıb. Türkiyə lideri hər iki tərəflə yüksək münasibətlərə sahib olduğunu vurğulayıb. 

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Şərq”ə açıqlamasında vurğulayıb ki, Rusiya və Ukraynaya ən yaxın dövlət Türkiyədir. Professorun qənaətincə, Türkiyənin son illərdəki qlobal fəaliyyəti təqdirəlayiqdir:

 “Qardaş ölkə bütün təzyiqlərə, hücumlara rəğmən, dünyanın aparıcı ölkələrindən birinə çevrilib. Hərbi sənayesinə görə dünya dövlətləri arasında ilk beşliyə düşüb. Güclü dövlətlər Türkiyə ilə hesablaşmaq məcburiyyətindədir. Rusiyanın indiki böhranlı vəziyyətdən çıxmaq üçün yeganə şansı Türkiyədir. Qərb ölkələri Ukrayna məsələsinə görə Rusiyanı sıxışdırır. Çin və İran öz maraqlarına uyğun müvəqqəti Moskvanın yanında dayanır. Hər iki ölkə istənilən vaxt Kremli tək buraxmağa hazırdır. Çinin Rusiyanın uzaq şərqində gözü olduğu bəllidir. Yaponiya Rusiya tərəfindən işğal olunmuş Kuril adalarını geri almaq üçün fürsət gözləyir. ABŞ isə ilk növbədə Rusiyanın parçalanmasını istəyir. Böyük ərazilərə sahib olan Rusiya dünya üzrə təbii sərvətlərin 21 faizinə malikdir. Şimal qonşumuz neft-qaz ixracatına görə ön sıralarda qərar tutur. Rusiya meşə materialları, qızıl və almaz yataqları ilə zəngin ölkədir. Moskva riskləri dəyərləndirərək Ankaranın vasitəçilik təşəbbüsünü geri çevirmir. Meydanda tək qaldığının fərqindədir. Ukrayna Prezidenti Vladimir Zelenski peşəkar siyasətçi olmasa da, Türkiyə liderinin təklifini müsbət dəyərləndirib. Çox güman, Ərdoğanın Ukrayna səfərində bu məsələ ətraflı müzakirə olunacaq”. 

C.Nuriyev vurğulayıb ki, Türkiyənin təklifini geri çevirməyən Rusiya öz cığallığından da əl çəkmir:

 “Moskva Donbass nümayəndələrinin də görüşlərdə iştirakına şərt qoşur. Bildiyim qədər Ərdoğan buna razılıq vermir. Moskva vaxtı ilə Qarabağın qondarma rejiminin də danışıqlarda “tərəf” olmasını israrla gündəmə gətirirdi. Ancaq ümummilli lider Heydər Əliyev də, cənab Prezident də buna qətiyyətlə qarşı çıxırdılar və reallaşmasına imkan vermirdilər. Kreml eyni senarini Ukraynada tətbiq etmək istəyir. 

Görünür, Moskva bu addımı ilə təmasların baş tutmamasına çalışır. Vasitəçilik təşəbbüsü reallaşmasa belə hər halda cənab Ərdoğanın barışdırıcı missiyası Türkiyənin dünyada əsas siyasi oyunçulardan biri olduğunu təsdiqləyir. Eyni zamanda qardaş Türkiyənin sülh tərəfdaşı və sülh carcısı olduğunu bütün dünyaya isbatlayır. Türkiyə lideri heç vaxt haqsız tərəfi dəstəkləməyib və haqq bildiyini deyib.

  Ankara hökuməti Krımı Ukrayna ərazisi kimi tanıdığını dəfələrlə bəyan edib. Rusiya həqiqətən son dönəmlər çox aqressivləşib”.