Ermənistan mediası Azərbaycanın siyasi ekspertlərini izləyir

Qonşu ölkənin mətbuatı Asif Nərimanlının fikirlərindən Paşinyana qarşı istifadə edir

"Paşinyan Tatoyanı Azərbaycana görə vəzifəsindən uzaqlaşdırmayıb"

Ermənistan mediası siyasi şərhçi Asif Nərimanlının keçmiş ombudsman Arman Tatoyanla bağlı təhlilinə istinad edərək məqalələr dərc edib. Düşmən mətbuatı azərbaycanlı analitikin yazısından Nikol Paşinyan hakimiyyətinə qarşı istifadə edərək Tatoyanın gedişini İrəvan hökuməti ilə yanaşı, rəsmi Bakıya da sərf etdiyini bildirib. Təhlilinin Ermənistan KİV-lərində rezonansa səbəb olması ilə bağlı “Şərq”ə danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ermənistanın müxalif mediası onun fikirlərini Paşinyan hakimiyyətinə qarşı istifadə edir. Analitikə görə, bununla erməni cəmiyyətinə sübut etmək istəyirlər ki, Paşinyan Tatoyanı Azərbaycana görə bu postdan uzaqlaşdırdı: 

“Bu, təbliğat xarakterli yanaşmadır və əsas hədəf daxili auditoriyadır. Lakin dediyim kimi, Paşinyan Tatoyanı özünə problem yaratdığı üçün göndərdi. Burada başqa məqam da diqqət çəkir. Bu, bir daha onu göstərir ki, Ermənistan mediası Azərbaycan ictimaiyyətini, xüsusən siyasi ekspertlərini yaxından izləyir. Bu, bizim medianın Ermənistanın gündəminin formalaşıdırılmasında rol oynaması baxımından müsbət haldır. Bu məqamdan sosial şəbəkələrdə daha səmərəli istifadə edə bilərik. Eyni zamanda, məsələlərə “düşmən izləyir” prinsipi ilə də yanaşmalıyıq. Mediada ölkəmizin milli maraqlarına zidd olacaq materiallara yol verməməliyik, xüsusilə hərbi məsələlərdə həssas olmalıyıq”. 

A.Nərimanlı deyib ki, Arman Tatoyan keçmiş hakimiyyətin dövründə qalan ombudsman idi və müharibədən sonra Paşinyan hakimiyyətinə problemlər yaradırdı: “Bu təkcə Azərbaycanla yox, hakimiyyətin atdığı addımlarla bağlı idi. Misal üçün, Gorus-Qafan yolunun Azərbaycanın suveren hissəsinə düşən ərazisində gömrük postunun qurulması həmin ərazidə bir neçə erməni kəndinin gediş-gəlişinə çətinlik yaratmışdı. Ermənistan hakimiyyəti alternativ yol təklif edirdi. O cümlədən, bu yolun yenidən qurulması ilə bağlı tədbirlər görürdü. 

Tatoyan isə Paşinyanın erməniləri sakitləşdirmək siyasətinə qarşı çıxırdı. Bununla yanaşı, davamlı şəkildə Azərbaycana qarşı uydurma ittihamlar səsləndirirdi. Gah sərhəddə Azərbaycan Ordusunun “hücum” etdiyini iddia edir, gah mövqelərin dəyişməsindən danışır, gah da müharibə vaxtına aid qondarma “hərbi cinayətləri” gündəmə gətirirdi. Hətta Ermənistan Müdafiə Nazirliyi Tatoyanın iddialarını bir neçə dəfə təkzib etmək məcburiyyətində qalmışdı. Onun Azərbaycana aid saxta iddiaları erməni cəmiyyətində təşvişə səbəb olurdu. 

Qəribə mənzərə yaranmışdı, insan hüquqlarını qorumalı olan ombudsman daha çox siyasi xarakterli fəaliyyət göstərirdi. Təbii ki, bu, Ermənistan hakimiyyəti tərəfindən qəbul edilmirdi”. Ekspert vurğulayıb ki, Paşinyan hakimiyyəti də ombudsman seçkilərində öz namizədini irəli sürdü və parlamentdə səsvermə ilə Tatoyanı bu postdan uzaqlaşdırdı: “Bunun Azərbaycanın da maraqları kontekstində müsbət olduğunu yazmışdım. Tatoyan faktiki olaraq erməni cəmiyyətində anti-sülh əhval-ruhiyyəsini qaldırırdı və bu müharibədən sonra regionun gələcəyinə uyğun deyil. 

Lakin bu o demək deyil ki, Ermənistan hakimiyyəti Tatoyanı Azərbaycana qarşı iddialarına görə uzaqlaşdırıb. Tatoyan Paşinyan hakimiyyətinə problemlər yaradırdı, hakimiyyət də problemi həll etdi”.