Türkiyə Ermənistana növbəti şans verib

Qonşu ölkədə revanşist səslər get-gedə zəifləyir

"Erməni toplumu dərk edir ki, regionda Türkiyə və Azərbaycanın mövcudluğunu, gücünü nəzərə almadan inkişaf etmək qeyri-mümkündür"

   Türkiyə Ermənistanla normallaşma prosesində bir daha sülh və diplomatiyanın tərəfdarı olduğunu nümayiş etdirdi. Bu barədə hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik deyib. O, qeyd edib ki, Ermənistanla uçuşlar bərpa olunur, amma bu nöqtəyə gəlib çıxmaq üçün uzun bir yol qət edilib. Çelik əlavə edib ki, Vətən Müharibəsi bu normallaşmanın baş verməsi və bölgədəki sülh üçün bir fürsət yaradıb: 

“Bu normallaşma addımları Azərbaycanın razılığı ilə atılır”. Ermənistanın XİN başçısı Ararat Mirzoyan da Türkiyə ilə əlaqələrin normallaşmasından danışıb. Nazir bildirib ki, Ermənistanın mövqeyində heç bir dəyişiklik baş verməyib. Onun sözlərinə görə, İrəvan hesab edirdi ki, ilkin şərt olmadan Türkiyə ilə sərhədlər açılmalı və diplomatik əlaqələr qurulmalıdır. Mirzoyan Moskvada baş tutan ilk görüşdə bir çox məsələlərə toxunmadıqlarını bildirsə də, ümumən prosesin müsbət istiqamətdə getdiyini deyib. 
Rusiyadan sonra ABŞ da Türkiyə-Ermənistan münasibətlərində vasitəçilik niyyətini açıqlayıb. Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid vurğulayıb ki, Vaşinqton Ankara-İrəvan arasındakı barışıq prosesində rol oynamağa hazırdır: “Ağ Ev hər iki ölkənin diplomatiya və dialoq qurmasını alqışlayır”. O, Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin yanvarda Moskvada keçirilən birinci görüşündən məmnun olduqlarını deyib: “Türkiyə-Ermənistan dialoqu regional sabitliyi artırmaq və region üçün daha firavan gələcək yaratmaq potensialına malikdir”.

Türkiyə ilə Ermənistan arasındakı normallaşma addımlarını “Şərq”ə təhlil edən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib ki, iki ölkə arasında sərhədlərin bağlanmasının, diplomatik əlaqələrin kəsilməsinin əsas səbəbi Azərbaycan torpaqlarının işğal faktı ilə bağlı idi. Partiya rəhbəri xatırladıb ki, Türkiyə İrəvan qarşısında konkret şərt qoymuşdu ki, Azərbaycan torpaqları işğaldan azad olunana kimi Ermənistanla normallaşmadan söhbət gedə bilməz:

 “Torpaqların əksər hissəsi işğaldan azad ediləndən sonra Türkiyə-Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcı qoyuldu. Lakin qardaş ölkənin Prezidenti R.T.Ərdoğandan tutmuş digər səlahiyyətli rəsmiləri birmənalı bəyan ediblər ki, danışıqlar Azərbaycan rəhbərliyi ilə razılaşdırılır. Ermənistanla bağlı addımlar rəsmi Bakı ilə koordinasiyalı atılır. Əgər İrəvan hakimiyyəti Azərbaycanın tələblərinə müsbət cavab verməzsə, ölkəmizə qarşı ritorikasından əl çəkməzsə, Türkiyə-Ermənistan nümayəndələrinin təmasları nəticəsiz olacaq. Prosesin irəli getməsi üçün İrəvan sağlam müzakirələri davam etdirməkdə maraqlı olmalıdır. Ermənistan normal iqtisadi inkişafa nail olmaq üçün mütləq mənada Türkiyə və Azərbaycanla münasibətləri düzəltməlidir. Paşinyan hökuməti bunun fərqindədir və Türkiyə ilə əlaqələri yaxşılaşdırmaq istəyir. Türkiyədə 100 mindən artıq erməni əsilli vətəndaş var. Ondan daha çox Ermənistan vətəndaşı Türkiyədə müvəqqəti yaşayır və işləyir. İlk görüş Moskvada baş tutsa da, Ankara hökuməti növbəti danışıqların İstanbulda, yaxud başqa məkanda aparılmasının vacibliyini diqqətə çatdırdı. Bu, dolayı yolla Rusiyanın vasitəçiliyinə ehtiyac olmadığını, məsələlərin ikitərəfli danışıqlar formatında müzakirəsini gündəmə gətirmək idi”.

A.Əlizadə vurğulayıb ki, Türkiyə Ermənistana növbəti şans verib. Ermənistan bu şansı dəyərləndirmək üçün Türkiyəyə qarşı bütün ərazi iddialarından, qondarma “soyqırım” uydurmasından birdəfəlik vaz keçməlidir. 

Eyni zamanda konstitusiyasında dəyişiklik edərək, gerbində əks olunan Ağrı dağını götürməlidir. Ermənistanda bununla bağlı kampaniya başlanıb. Hətta referendum yolu ilə konstitusiyanın dəyişdirilməsi də müzakirə olunmaqdadır. Təbii ki, buna kəskin surətdə qarşı çıxanlar, Paşinyanın addımlarını ölkəyə “xəyanət” kimi dəyərləndirənlər də var. Ancaq get-gedə bu səslər zəifləməkdədir. Erməni toplumu dərk edir ki, regionda Türkiyə və Azərbaycanın mövcudluğunu, gücünü nəzərə almadan inkişaf etmək qeyri-mümkündür. Onu da yaxşı bilirlər ki, Rusiya heç vaxt müdafiə etdiyi dövlətlərin arxasında sona qədər dayanmayıb. O baxımdan tədricən erməni cəmiyyətinin də revanşist və düşmənçilik ritorikasından əl çəkəcəyi ehtimalı böyükdür”.