Azərbaycanla Ukrayna bir platformada! – “Siyasi, strateji, hərbi iqtisadi əlaqələr möhkəmlənir”

Ötən gün Azərbaycan Xarici İşlər Nazirliyi Ukrayna ilə diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibəti ilə “Twitter”də paylaşım edib. Azərbaycan XİN-nin paylaşımında bildirilib ki, bu gün Azərbaycan və Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. “Bu münasibətlə dost Ukrayna hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Strateji tərəfdaşlığımızın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik!” - paylaşımda qeyd edilib.

İki dövlət arasındakı münasibəti  “Sherg.az”a  şərh edən siyasi şərhçi Samir Hümbətov bildirib ki, Azərbaycan və Ukrayna münasibətləri hər zaman mövcud olub:

“Ümumiyyətlə, Azərbaycanla Ukrayna arasında əlaqələr təkcə müstəqillik dövründə deyil, ondan əvvəlki dövrdə, Sovet Sosialist İttifaqı dövründə də mövcud idi. Bundan sonrakı mərhələdə bu əlaqələr  özünü qoruyub. Demək olar ki, tərəflər arasında daim siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrdə əməkdaşlıq mövcud olub. Amma son 8 illik dövrdə, Rusiyanın Krımı ilhaqından sonrakı mərhələdə artıq yeni bir dövr başladı. Çünki həmin dövrə qədər Ukrayna tam şəkildə Azərbaycanın dərdini anlaya bilmirdi. Amma işğal prosesi onlarında başına gəldiyi üçün anlamağa başladılar. Beləliklə, o dövrdən başlayaraq artıq Azərbaycanla Ukrayna arasında yeni bir dövrün əsası qoyuldu. Ukrayna hər bir platformada Azərbaycanı dəstəkləməyə, işğal olunmuş ərazilərimizlə bağlı öz qəti mövqeyini bildirməyə başladı”.

Siyasi şərhçi iki ölkə arasında iqtisadi əlaqələrin gücləndiyini vurğulayıb:

“Azərbaycan nefti və qazı yavaş-yavaş Ukrayna bazarına çıxmaq mərhələsinə keçid edib. Azərbaycan Ukraynadan silah tədarükü həyata keçirir. Eyni zamanda,  bu gün Ukraynadan Azərbaycana taxıl idxalı məsələsi də gündəmdədir. Göründüyü kimi, siyasi, strateji, hərbi cəhətlərlə yanaşı, iqtisadi cəhətdən də faydalı qarşılıqlı əməkdaşlıq var”.

S.Hümbətov əməkdaşlığın gedişatından və gələcəkdə baş verəcək inkişafından söz açıb:

“Bundan sonrakı mərhələdə bu əməkdaşlığı daha da inkişaf etdirmək olar. Bu da müəyyən bir platformada mümkündür.  Məsələn, GUAM kimi təşkilatlarda Azərbaycanla  Ukrayna bir platformada çıxış edir. Hesab edirəm ki, bu platformanın imkanlarından istifadə edərək əlaqələri möhkəmləndirmək olar. 

Bu, tərəflər arasındakı siyasi, iqtisadi əlaqələrə və təhlükəsizliklə  bağlı məsələlərə ciddi təsir göstərəcək. İkinci Qarabağ savaşında Ukraynanın birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi bizim bu məsələdə uğur qazandığımızın göstəricisidir. 

Ukrayna ilə artıq səmərəli əməkdaşlığımız mövcuddur. Düşünürəm ki, Azərbaycanın  Krımı Rusiyanın ərazisi kimi tanımaması  Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə hörmət etməsinin işarəsidir. 

Zənnimcə, bu cür addımlar tərəflər arasında əlaqələri daha da sıxlaşdıracaq. Hətta gələcəkdə BMT çərçivəsində istənilən prinsipial mövzularda bir-birimizin daha sıx və birmanəlı şəkildə dəstəklənməsinə kömək edəcək”. 

Çimnaz Şahlar