Buzlar əriyir! – “Türkiyə-İsrail münasibətləri normallaşır” – Bakı körpü rolunda...

Fevralın 6-da İsrail Prezidenti İsaak Hersoqla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. İsrail prezidenti Ərdoğana COVID-19-dan tezliklə sağalmasını arzulayıb. Dövlət başçıları erkən görüşün mümkünlüyünü müzakirə ediblər. Xatırladırıq ki, İsrail Prezidenti Türkiyəyə gedəcək. Səfər martın ortalarında baş tutacaq. Eyni zamanda Türkiyə nümayəndə heyətinin də İsrailə səfəri planlaşdırılıb.

Dövlət başçılarının görüşünün münasibətlərə necə təsir edəcəyi ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Türkiyə-İsrail münasibətləri normallaşma istiqamətində irəliləyir:

“Türkiyə-İsrail münasibətlərinin pozulmasının təməli İsveçrənin Davos şəhərində keçirilən konfransda qoyulub. Həmin konfransda Ərdoğan İsraili fələstinlilərə qarşı ədalətli olmamaqda qınamışdı. Bundan sonra siyasi münasibətlər gərginləşsə də, iqtisadi münasibətlər qaydasında oldu. Siyasi əlaqələrin normallaşmasına Fələstin məsələsi maneçilik törədir. Hər iki ölkə məsələyə münasibətdə eyni mövqedə qalacaq. Lakin həm İsrail, həm Türkiyə münasibətlərin yeni mərhələyə keçidində maraqlıdır. Bu məsələdə Azərbaycanın rolu da vurğulanmalıdır. Ölkəmiz İsrail-Türkiyə münasibətlərinin müsbətə doğru dəyişməsində körpü rolu oynayır. Artıq anlayırlar ki, üç ölkənin əməkdaşlığı mümkündür”.

Ekspert İsrailin xarici siyasətdə dəyişiklik etməsinin səbəbini də açıqlayıb:

“Geosiyasi hadisələr də İsrailin xarici siyasətində dəyişiklik etməsinə səbəb olub. ABŞ-da demokratların hakimiyyətə gəlişi ilə dəyişiklik müşahidə etdik. Demokratlar heç vaxt İranla bağlı İsrailin istədiyini verməyiblər. Bu da İsrailin region ölkələri ilə münasibətləri normallaşdırmağa marağını artırır. Qeyd edim ki, ABŞ və İran arasında nüvə danışıqlarında irəliləyiş olarsa, bu,  Türkiyə-İsrail münasibətlərinin inkişafına daha da müsbət təsir göstərəcək”.

A.Nərimanlı qeyd edib ki, görüşdə əsas diqqət diplomatik əlaqələrin normallaşmasına ayrılacaq:

“Görüşdə ticarət dövriyyəsinin artırılması məsələsi gündəmə gələ bilər. Bundan əlavə, müəyyən layihələrə imzaların atılmağı mümkün görünür. Fələstinlilərlə bağlı maraqların nizamlanması üçün də müzakirələr aparılacaq“.

Xanlar ƏLİBƏY