Minsk Qrupunun missiyası sona çatıb! - “Qərb rəsmi Bakının mövqeyi ilə barışıb”

Rusiyanın "Natsionalnaya oborona" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko İlham Əliyevin, Emmanuel Makronun, Şarl Mişelin və Nikol Paşinyanın iştirakı ilə videoformatda görüşün yekununa dair bəyanatı şərh edib. O qeyd edib ki, Minsk qrupunun mandatı və özü artıq tükənib. Korotçenkonun fikrincə, artıq qrup Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycanın siyasi-hüquqi sahəsinə inteqrasiyasına yardım kimi məsələləri öz üzərinə götürməlidir. Ekspert qeyd edib ki, əsas şərt isə bütün qeyri-qanuni silahlı birləşmələrin Qarabağ bölgəsindən tezliklə çıxarılmasına köməklik etməkdir. 

Minsk qrupunun fəaliyyətini “Sherg.az”a dəyərləndirən "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli artıq bu quruma ehtiyac qalmadığı bildirib:

“ATƏT-in Minsk Qrupunun missiyası artıq sona çatıb. 30 il ərzində öz missiyasını yerinə yetirməyib. Nəticədə onların missiyasını Azərbaycan ordusu icra etmək məcburiyyətində qalıb. Bu isə o deməkdir ki, Minsk Qrupunun fəaliyyəti üçün heç mövzu qalmayıb. Üstəlik, rəsmi Bakı həmin qurumun Qarabağ mövzusu ilə məşğul olmasını birmənalı şəkildə istəmir. 
Son proseslər onu göstərir ki, Qərb siyasi dairələri rəsmi Bakının bu mövqeyi ilə artıq barışıb. Hər halda, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makaron, Avropa Birliyinin nüfuzlu təmsilçisi Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən video görüşdə Qarabağ və Minsk Qrupu mövzuları gündəmə gətirilməyib. Düzdü, erməni baş nazir bu mövzuları müzakirəyə çıxartmağa cəhd göstərib, ancaq dünyada ən ermənipərəst dövlət olan Fransanın prezidenti Emmanuel Makron belə, həmin mövzudan yan keçib. 

O, Paşinyana dəstək verməyə həvəs göstərmədi. Eyni zamanda, görüşdən sonra yayılan bəyanatda ATƏT çərçivəsində əməkdaşlığa üstünlük verildiyi vurğulanır. Lakin Minsk Qrupu barədə demək olar ki, elə bir ciddi xatırlatma yoxdur. Bütün bunlar onu göstərir ki, Azərbaycan Avropa Birliyi dövlətləri üçün olduqca önəmli strateji tərəfdaşa çevrilmək üzrədir. 

Avropa ölkələrinə hazırda Rusiya enerji resurslarına alternativ qaynaqlar lazımdır. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynaya bilər. Hazırda Avropa İttifaqı Azərbaycandan təbii qaz idxalını artırmaqla, Rusiyadan olan asılılığı zəiflətməyə çalışır. 

Belə situasiyada isə Avropanı təmsil edən heç bir siyasi lider Minsk Qrupu və Qarabağ kimi mövzulardan danışıb, Azərbaycanı narazı salmağa həvəs göstərməz.

Ona görə də, Avropa Birliyinin Cənubi Qafqazla bağlı siyasi gündəliyini hazırda rəsmi Bakı müəyyən edir. Bundan sonra Minsk Qrupunun fəaliyyətinin bərpasına xüsusi cəhdlərin göstəriləcəyi o qədər də inandırıcı deyil. Böyük ehtimalla yaxın gələcəkdə bu qurumun ləğv olunması da gündəmə gələ bilər”.

Xanlar ƏLİBƏY