8 erməni hərbçi təhvil verilib! - Deputat:  “Humanizm göstəririk, tələblərimizi də...”

Səkkiz erməni hərbçi qarşı tərəfə təhvil verilib.Bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Bildirilib ki, Azərbaycan humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.

"Azərbaycan tərəfinin humanitar xarakterli bu addımının əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir. Qeyd olunmalıdır ki, bu ilin fevralın 4-də Fransa Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə Azərbaycan Prezidenti birinci Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş vətəndaşlarımızın kütləvi məzarlıqlarının yerləşmə yerləri barədə məlumatın Azərbaycan tərəfinə verilməsinə dair məsələ qaldırıb, Ermənistan tərəfi isə bu məsələdə əməkdaşlıq edəcəyinə dair öhdəlik götürüb. Qeyd olunan məsələ Fransa Prezidenti Emmanuel Makron tərəfindən dəstəklənib", - məlumatda qeyd edilib.

Amma Ermənistanın təxribat xarekterli addımları və verilən sözləri tutmaması Ermənistana qarşı inamsızlıq yaradır. Ötən gün də Tərtər istiqamətində mövqelərimizin atəşə tutulması bu fikirlərimizin aydın təzahürüdür. 

Məsələ ilə bağlı “Sherg.az”a danışan millət vəkili Aqil Abbas bildirib ki, biz həddindən artıq humanizm göstəririk:

“Təhvil verdiyimiz hərbçilərin qarşılığında onlar guya bizə basdırılan şəhidlərin yerini göstərəcəklər. Əvvəl onlar bu yerləri göstərməlidirlər. Daha sonra biz hərbi qulluqçuları təhvil verməliyik. Biz öncə tələblərimizi dilə gətirməliyik”.

Çimnaz Şahlar