İstənilən təhdidlərə qarşı birgə addım atılacaq

Azərbaycan-Türkiyə arasında hərbi müttəfiqlik rəsmən möhürləndi

NATO üzvü olan Türkiyənin Silahlı Qüvvələrinin çoxillik təcrübəsi Azərbaycan Ordusunda tətbiq edilməkdədir


   Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə milli müdafiə nazirinin müavini Muhsin Dərənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə naziri Z.Həsənov Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Hər iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinin hərbi əməkdaşlığa da müsbət təsir etdiyini deyən general-polkovnik strateji müttəfiqliyin dostluq və qardaşlıq əlaqələri üzərində qurulduğunu bildirib. Muhsin Dərə də öz növbəsində, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından bu cür görüşlərin vacibliyini xüsusi qeyd edib. 

Görüşdə Bakıda keçiriləcək “Texnofest-2022” festivalında Azərbaycan Hərbi Hava Qüvvələrinin vasitələrinin və hərbi qulluqçularının iştirakı barədə fikir mübadiləsi aparılıb. Xatırladaq ki, tarixi Şuşa Bəyannaməsinin hər iki ölkənin parlamenti tərəfindən ratifikasiya olunmasından sonra Azərbaycan-Türkiyə generaliteti arasındakı təmaslar artıb. Ekspertlərə görə, Şuşa Bəyannaməsindən irəli gələn müvafiq addımların atılması, strateji vəzifələrin yerinə yetirilməsi postmünaqişə dövründə hərbi-siyasi təhlükəsizliyə və müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsinə müstəsna töhfə olacaq. Bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı amil kimi çıxış edir. İki qardaş ölkənin birgə fəaliyyəti və ortaq təşəbbüsləri əsasında regionun geostrateji arxitekturası yenidən qurulur. Şuşa Bəyannaməsi hər iki ölkənin yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırmasına, yeni milli və regional təhlükəsizlik mexanizmi yaratmasına imkan verəcək. 

Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, təqaüddə olan general-mayor Yücel Karaüz “Şərq”ə açıqlamasında deyib ki, Şuşa Bəyannaməsinin hər iki ölkənin parlamenti tərəfindən təsdiqlənməsi nəticəsində Azərbaycan-Türkiyə arasında hərbi müttəfiqlik rəsmən möhürləndi. Generalın sözlərinə görə, Bəyannamə Azərbaycan-Türkiyə qardaşlığını əbədiləşdirdi:

 “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığını təmin edərək iki ölkə arasındakı strateji əməkdaşlığı müttəfiqlik səviyyəsinə qaldırdı. Bəyannamədə yer alan bir məqam da çox önəmlidir. Münaqişə, hərbi əməliyyatlar, regional və qlobal təhlükəsizlik problemlərinin həllində birgə fəaliyyət nəzərdə tutulur. Əgər tərəflərdən hər hansının ərazisinə, sərhədlərinə, suverenliyinə təhdid, təhlükə meydana çıxarsa, Azərbaycan və Türkiyə mövcud təhlükəni birlikdə aradan qaldıracaq. 

Müzakirələrdən sonra alınan qərar sayəsində hərbi birliklər koordinasiyalı şəkildə fəaliyyətə başlayacaq. Silahlı qüvvələrin ortaq fəaliyyəti və təhdidlərin aradan qaldırılması sadəcə təhlükə anında deyil, təhdid ortaya çıxmadan başlanmalıdır. 

Zəruri dəyərləndirmələr üçün Azərbaycan və Türkiyə Təhlükəsizlik Şuralarının birgə iclaslarının təşkili çox-çox önəmlidir. Şuşa Bəyannaməsində nəzərdə tutulanlar addım-addım həyata keçirilməkdədir. Zəruri məqamlardan biri də hər iki ölkənin silahlı qüvvələrinin və hərbi texnikalarının müasir dövrə uyğun olaraq yenidən təşkil edilməsi, təkmilləşdirilməsidir. NATO üzvü olan Türkiyənin Silahlı Qüvvələrinin çoxillik təcrübəsi Azərbaycan Ordusunda tətbiq edilməkdədir. 

Komanda birlikləri də bu çərçivədə təsis edilib. Atılan addımlarla və imzalanan mühüm sənədlərlə “bir millət, iki dövlət” fəlsəfəsi “bir millət, bir dövlət” ideyasına doğru yönəlməkdədir”.