Bakı cavab gözləyir

8 erməni hərbçini qarşı tərəfə xoş niyyətlə qaytardıq

Ermənistan da məlumatları Azərbaycan tərəfinə təqdim etməyə borcludur


   Ermənistan XİN sözçüsünün dedikləri və Azərbaycan XİN-in cavabı göstərdi ki, İrəvan 8 erməninin qarşılığında kütləvi məzarlıqların koordinatlarının verilməsi anlaşmasından imtina edir. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaan Unanyan deyib ki, hökumət bu məsələdə təktərəfli öhdəlik götürməyib. Lakin XİN rəsmisi 8 erməninin qarşılığında məzarlıqların koordinatının verilməsi razılaşmasını təkzib etməyib. Rəsmi Bakının etiraz açıqlaması da razılaşmanın olduğunu təsdiqləyir. 

Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, İrəvanın öz öhdəliyindən imtinası beynəlxalq humanitar hüquq normalarına və humanizm prinsipinə hörmətsizliyin ən ifrat nümunəsidir. Vurğulanıb ki, Ermənistan tərəfi 1949-cu il Cenevrə Konvensiyası və onun muvafiq protokollarına uyğun olaraq, sistemli surətdə qətlə yetirilən mülki və hərbi Azərbaycan vətəndaşlarının basdırıldıqları yerlər barədə məlumatları Azərbaycan tərəfinə təqdim etməyə borcludur: “4 fevral tarixində videoformatda keçirilmiş görüşün gündəliyində duran əsas məsələlərdən biri məhz humanitar məsələlər olub. İtkin düşmüş 4000-nə yaxın Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirilməsinə görə məsuliyyət daşıyan Ermənistan tərəfi isə bu məsələdə əməkdaşlıq edəcəyinə vəd verib. Biz beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinə təzyiq göstərməyə, məsuliyyətli davranmağa və öz öhdəliklərinə əməl etməsini tələb etməyə çağırırıq. 

Politoloq Turab Rzayev “Şərq”ə açıqlamasında bildirib ki, Ermənistan hökuməti daxilində proseslərə vahid yanaşma yoxdur. Ekspert xatırladıb ki, Baş nazir Nikol Paşinyan sərhədlərin delimitasiya və demarkasiyasına razı olduqlarını desə də, XİN başçısı A.Mirzoyan hələ də “münaqişənin həllindən” danışır. Sabiq xarici işlər naziri Ayvazyan da üçtərəfli sazişdə kommunikasiyaların bərpasının, Zəngəzur dəhlizi ilə bağlı müddəanın olmamasından dəm vururdu:

 “Ermənistanda nəinki ikili, hətta üçlü və dördlü çıxışların, ziddiyyətli mövqelərin şahidi oluruq. Deməli, İrəvanda vahid hökumət yoxdur. Paşinyan hakimiyyətə tam olaraq nəzarət edə bilmir. Ermənistanda köhnə klanların, Rusiyaya yaxın dairələrin, diaspora təşkilatlarının, Qərbdən maliyyələşən Sorosçu qüvvələrin nümayəndələri var. Hamısının da fərqli yanaşmaları mövcuddur. Ötən gün baş tutan dördtərəfli görüşdə itkin Azərbaycan vətəndaşlarının taleyi ilə bağlı razılıq əldə olunması, bununla bağlı qarşılıqlı addımların atılmasına dair anlaşma humanizm dəyərlərinin prinsipləridir. Rəsmi Bakı öz humanistliyini dərhal göstərdi və 8 erməni hərbçisini, cinayət törətmiş şəxsləri əfv edərək Ermənistana təhvil verdi. Növbəti dəfə xoş niyyət göstərdik və onları qaytardıq”. 

T.Rzayevə görə, əgər İrəvan hökuməti də sülh və əmin-amanlıq üçün addım atmaq niyyətindədirsə, üzərinə götürdüyü öhdəliklərə qeyd-şərtsiz əməl etməlidir: 

“İtkin düşmüş şəxslər barədə məlumat onların ailələri üçün olduqca mühümdür. 4000-ə yaxın ailə uzun illərdir itkin düşmüş yaxınlarından xəbər almaq ümidi ilə yaşayır. Yaxınlarının harada, necə basdırıldıqlarını bilmək istəyirlər. Dördtərəfli görüşdə bununla bağlı konkret yazılı anlaşma, müddəa olmasa belə, bu, humanizm məsələsidir. Bu məsələ Ermənistanın sülhün imzalanması yolunda iradəsinin olub-olmamasını da göstərir”.