Rusiya-Ukrayna qarşıdurmasına yalnız Türkiyə müdaxilə edə bilər

Fransanın böyük oyunlara girişməsi heç nəyi həll etmir

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxışı zamanı bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin səfəri ilə bağlı Moskva ilə Ankara arasında razılaşma var. Onun sözlərinə görə, səfərin konkret tarixi hələ təsdiq edilməyib:
“Həqiqətən də, perspektivdə belə bir səfər planlaşdırılır. Dəfələrlə dediyimiz kimi, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bu səfərlə bağlı razılığa gəliblər. Onlar razılaşıblar ki, səfər prezidentlərin qrafiki və epidemioloji şərait imkan verən vaxt reallaşsın. Hələlik dəqiq tarix məlum deyil. Lakin diplomatik kanallar vasitəsilə bu səfərin zamanı razılaşdırılacaq”.
Onu da qeyd edək ki, fevralın 7-də Fransa Prezidenti Emmanuel Makron Moskvaya səfər edib. Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər. Tərəflər arasında danışıqlar 5 saatdan çox çəkib. Müzakirələr zamanı bir çox məsələlərə toxunulub, dünyadakı ümumi siyasi böhran müzakirə olunub.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmalar mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov "Şərq"ə açıqlamasında bildirib ki, görüşün baş tutması gözlənilən idi:

"Əsas məqsəd mövcud Ukrayna böhranının aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsidir. Bu da qısa zaman ərzində həll olacaq, asan məsələ deyil. Amma böhranı dəf etmək istiqamətində müəyyən addımlar atılacaq. Gərgin olan münasibətləri aktiv döyüş fazasına deyil də, danışıqlar masası arxasına gətirmək imkanı əldə edə bilərlər. Digər önəmli məsələlərdən biri Türkiyə prezidentinin Rusiya və Ukrayna dövlət başçıları ilə yaxşı münasibətlərinin olmasıdır. Burada həm şəxsi, həm dövlətlərarası münasibətlərdən söhbət gedir. Düşünürəm ki, belə münasibətlərin yaxşı olması tərəflər arasında uzlaşmanın əldə edilməsinə də təkan verə bilər".

S.Hümbətovun sözlərinə görə, hər üç tərəf silahlı mübarizənin olmasını istəmir:

"Amma mövcud şərtlər müharibənin yaranmasını diktə edir. Tərəflər arasında bir konsensus əldə oluna bilər. Eyni zamanda Makronun səfəri onu göstərib ki, heç də hər şey qərbin istədiyi kimi gedə bilməz. Həmçinin qərb ölkələrinin heç biri Rusiyaya aqressiv münasibətdə deyil. Fransanın Rusiya prezidentinə, həmçinin Putinin ona göstərdiyi davranışlardan tərəflər arasında münasibətlərin digər ölkələr kimi olmadığını anlamaq olar. Rusiya rəsmi Parisə qarşı xüsusi simpatiyası olan dövlət deyil. Fransa da burada öz maraqlarını güdür. Onun enerji məsələlərində Rusiya ilə əməkdaşlığı mövcuddur. Rəsmi Kiyev məsələsində də Fransanın Ukraynaya dəstək verəcəyini güman etmək özü belə sadəlövhlük olar. Fransanın bu məsələdə əsas rolu mövqelər arasında uzlaşma yaratmaqdır. Bunun nə qədər uğurlu olması növbəti proseslərdə aydın olacaq. Amma indiki halda Makronun beş saatlıq görüşü istənilən effekti verməyib. Makron Moskvadan Kiyevə böyük ümidlərlə qayıda bilməyib".