Kremlə “artıq yetər” deyilməlidir! - “...Antiterror əməliyyatlarına start verə bilərik”

“Ermənistan tərəfi Azərbaycanla münasibətlərin normallaşması prosesinə dair ziddiyyətli açıqlamalar verir və öhdəliklərə əməl etmir”.
“Sherg.az” ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Niku Popesku ilə keçirdiyi mətbuat konfransında deyib.Nazir bildirib ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi dövlət sərhədinin müəyyənləşməsindən keçir.
“Azərbaycan sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı ikitərəfli komissiyanın yaradılmasını dəstəkləyir. Ermənistan isə hansısa ön şərt irəli sürmə cəhdlərini ortaya qoyur”, - deyə Ceyhun Bayramov əlavə edibAzərbaycan loyallaşma prosesində əzmli olmağa davam edir. Lakin Ermənistan tərəfi uzadılan əlləri geri çevirir, atılan addımlara qarşılıq vermir, razılaşmaya getmir. Hətta danışıqlar zamanı qəbul etdiyi öhdəlikləri daşımaqdan imtina edir.

Məsələ ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Rusif Məmmədsoy Ermənistanın delimitasiya və demarkasiya proseslərini başlaması ilə bağlı hər hansı bir müsbət addım atmamasının narahatlıq doğurduğunu bildirib:

"Bu məsələnin birmənalı şəkildə yetişməsini istəyirik ki, nəticədə sülh müqaviləsi imzalansın,  atəşkəs pozulmasın, qonşuluq münasibətləri formalaşsın, sülhməramlıların çıxması üçün zəmin yaransın. Problem təkcə Ermənistan deyil. Eyni zamanda Rusiyanı da nəzərə almalıyıq. Moskva delimitasiya, demarkasiya məsələsində maraqlı deyil”.

Ekspert hesab edir ki, Rusiyanı maraqlandıran Zəngəzur dəhlizi və kommunikasiyaların açılmasıdır:

“Bundan əlavə orada hər hansısa münaqişənin tamamilə sönməsi onun maraq dairəsinə cavab vermir. Biz hər vəchlə çalışmalıyıq ki, bu prosesləri sürətləndirək. Həm Ermənistan daxilində, həm Qarabağdakı separatçılar arasında şimal qonşumuzla bağlı qüvvələr var. Onlar hər şeyə mane olmağa çalışır, atəşkəsi pozur”.

Politoloq Azərbaycanın Rusiyaya qarşı müəyyən addımlar ata biləcəyini qeyd edib:

“Azərbaycanı “tələyə” salmaq istəyirlər. Əlbəttə, biz emosiyalara qapılmamalıyıq. Kremlə daha sərt ritorika ilə cavab verməliyik ki: Artıq yetər! Sən bu prosesləri sürətləndirməlisən, öhdəliklərini yerinə yetirməlisən, 10 noyabr bəyannaməsinin dördüncü bəndinə əsasən erməni separatçılarını qovmalısan. Əks halda antiterror əməliyyatlarına start verə bilərik. Bu tezis artıq önə sürülməlidir”.

R.Məmmədsoyun fikrincə, Ermənistan müsbət qərarlar verməsə, çökməyə məruz qalacaq:

“Digər tərəfdən ötən il dekabrın sonlarına yaxın Rusiyada delimitasiya və demarkasiya ilə bağlı görüş keçirildi. Ermənistan isə Azərbaycanın şərtlərinin onu qane etmədiyini dedi. Biz qalib ölkəyik. Diqtə edən tərəf kimi şərtlərimiz olmalıdır. Buna görə də, Ermənistan növbəti "Dəmir yumruq" istəmirsə, bu proseslərə başlamalıdır. Bunu Rusiyaya rəğmən etməlidir. Həmçinin Türkiyə və Azərbaycan arasında qalan Ermənistan məhvə məhkumdur. Buna görə də, onun başqa çarəsi yoxdur. Uzağı 10-15 il dözə bilər. Bu aspektdən rəsmi İrəvan və rəsmi Bakı ilə normal əlaqələr qurulmalıdır”

Cəmilə ƏZİM