Qatilə mərhəmət olmayacaq

Azərbaycan ən sərt addım ata bilər

Arutyunyanı Xankəndidən də “oğurlayıb” Bakıya gətirməyə imkanımız çatır

Baş Prokurorluq Qarabağ separatçılarının başçısı Araik Arutyunyanın məhkəmə qarşısına çıxarıla biləcəyini açıqlayıb. Arutyunyan haqqında cinayət işi açılıb və həbsi üçün İnterpola məlumat verilib. Amma həbsini gerçəkləşdirmək mümkün olmayıb. O, Azərbaycanda dinc əhaliyə qarşı terror törətməyə əmr verən şəxs olaraq müharibə cinayətləri törədib. Azərbaycan qanunvericiliyinə görə, ölkə ərazisində törədilmiş hər hansı cinayətə görə, prokurorluq cinayət işi qaldıra və onun icrasını həyata keçirə bilər. 

Arutyunyanın İnterpol xəttilə və Bakı-Moskva arasında bağlanan qarşılıqlı hüquqi yardım haqqında razılaşmaya əsasən, Azərbaycana təhvil verilməsinin mümkün olduğu deyilir. Arutyunyan ancaq Moskvaya gedib-gəlir. Əgər Rusiya ilə razılıq mümkün olmasa, Bakı Moskvanın terroristi dəstəklədiyi məsələsini ortaya qoya bilər. Separatçının interpol xəttilə həbs edilib təhvil verilməsini Ermənistan da həyata keçirə bilər. Ancaq indiki halda Azərbaycanla Ermənistan arasında qarşılıqlı hüquqi yardım haqqında saziş yoxdur. Baş nazir Nikol Paşinyanın bu addımı atacağı ehtimalı isə çox zəifdir. Çünki Azərbaycan Baş Prokurorluğunun açıqlaması İrəvanda və Xankəndidə ciddi narahatlıq yaradıb. 

Siyasi şərhçi Azər Rəşidoğlu “Şərq”ə açıqlamasında vurğulayıb ki, separatçı haqqında qərar Araik Arutyunyanın xarici ölkələrə səfərinə əngəl yarada bilər. Ekspert vurğulayıb ki, bəlkə də həbsi indiki halda real deyil, ancaq Arutyunyan bu qərardan sonra qondarma rejimi təmsil edə bilməyəcək: 

“Əgər Azərbaycan diplomatik yollarla məsələnin həllinə çalışsa, separatçının həbsi də reallaşa bilər. İstənilən halda Qarabağda cinayətlər törətmiş şəxslərin beynəlxalq axtarışa verilməsi təqdirəlayiq addımdır. Düşünürəm ki, rəsmi Bakı hazırda özü nəzarət etmədiyi bölgələrdə gizlənmiş separatçılara müraciət etməli və onlardan könüllü  şəkildə istintaqa təslim olmalarını tələb etməlidir. Onlardan bir qisminə daha yüngül cəzalar da verilə bilər. Lakin Arutyunyan kimi qatillərə heç bir əfv şamil oluna bilməz. Azərbaycanın güclü ordusu və kəşfiyyatı var. Onu Xankəndidən də “oğurlayıb” Bakıya gətirməyə imkanımız çatır. Vaxtilə Türkiyə dövləti baş terrorçu A.Öcalanı xarici ölkədən “qaçırdıb” gətirmişdi. Eyni addımı biz də ata bilərik”.