Rusiyanın addımları dünyaya meydan oxumaqdır

Kreml göstərmək istəyir ki, keçmiş sovet respublikalarının əraziləri onun monopoliyasındadır

Müstəqil Dövlətlər Birliyi (MDB) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yanında müşahidəçi statusu almağı düşünür. Bu barədə MDB İcraiyyə Komitəsi sədrinin 1-ci müavini Leonid Anfimov məlumat verib. Onun sözlərinə görə, daimi nümayəndələrin qapalı iclasında təşkilata KTMT yanında müşahidəçi statusunun verilməsi məsələsinə baxılacaq.

Ekspertlər bu təşəbbüsü Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının genişləndirilməsi istiqamətində Moskva tərəfindən atılan növbəti addım kimi dəyərləndirirlər. Onların fikrincə, region ölkələrini KTMT-yə birbaşa cəlb etməyi bacarmayan Kreml müxtəlif metodlarla niyyətini gerçəkləşdirməyə çalışır. 

Politoloq Azər Qasımov “Şərq”ə açıqlamasında deyib ki, bu, Rusiyanın oynadığı oyunlar içərisində ən absurdudur. Analitikin sözlərinə görə, hansısa təşkilatın başqa bir quruma üzv olması, müşahidəçi statusu alması praktikasına dünyada rast gəlinməyib: 

“MDB üzvlərinin KTMT-yə üzv olanları da var, olmayanları da. Azərbaycan da daxil KTMT-yə üzv olmayanlar quruma girməyi qəti rədd edirlər. Görünür, Rusiya bəzi post-sovet ölkələrinin adından qərar vermək niyyətindədir. Əslində Ukrayna böhranında Rusiyanın güc nümayişindən sonra bu, gözlənilən idi. Rusiya Ukrayna ətrafına ordu yığmaqla Qərbə yox, MDB ölkələrinə güc nümayiş etdirirdi. Ukrayna ətrafında vəziyyət stabilləşməmiş Rusiyanın belə bir təşəbbüs ortaya atması dünya birliyinə meydan oxumaqdır. Kreml göstərmək istəyir ki, keçmiş sovet respublikalarının əraziləri onun monopoliyasındadır”.

A.Qasımov vurğulayıb ki, KTMT üzvü olmayan postsovet ölkələri Rusiyadan  daha da uzaqlaşacaq: 

“Rusiyanın məqsədi aydındır. Müstəqilliyini qorumaq istəyən hər bir dövlət çıxış yolu axtarır. Azərbaycan Kremlin hədəsindən özünü Şuşa Bəyannaməsi ilə mühafizə edir. Bu baxımdan bizi nisbətən az təhlükə gözləyir”.