Avropada ciddi fikir ayrılıqları yaşanır



Qərb dövlətləri Ukraynaya istənilən dəstəyi göstərmir

Son günlər Rusiya qoşunlarının Ukrayna sərhədlərindən geri çəkilməsi barədə xəbərlər yayılır. Rusiya-Ukrayna sərhədindəki vəziyyətdən danışan NATO-nun Baş katibi Yens Stoltenberq rəsmi Moskvanın gərginliyin azaldılması istiqamətində hər hansı addım atdığını müşahidə etmədiklərini deyib. O bildirib ki, əksinə, Rusiya Ukrayna sərhədindəki əsgərlərinin sayını artırır. Ukrayna Müdafiə naziri Aleksey Reznikov deyib ki, Kiyev Donbass və Krım da daxil olmaqla, heç bir aqressiv hərəkət planlaşdırmır: “Hər gün müdafiəmizi gücləndiririk, lakin nə şərqdə, nə Krımda, nə də başqa istiqamətlərdə hər hansı təcavüzkar hərəkətlər planlaşdırırıq. Ukrayna tərəfdən heç bir təxribat olmayacaq, amma bizə təxribat etmək cəhdlərinə sərt cavab veriləcək”. 

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov isə deyib ki, NATO Ukrayna ətrafındakı vəziyyəti düzgün qiymətləndirə bilmir: “Hərbi alyansın nümayəndələri vəziyyəti adekvat qiymətləndirə bilmirlər”. Estoniya Xarici Kəşfiyyat Xidmətinin rəsmi hesabatında isə qeyd olunub ki, Rusiya Ukrayna ərazisinə fevralın sonlarında hücum edəcək: “Qiymətləndirməmizə görə, Rusiya ordusu fevralın ikinci yarısından etibarən Ukraynaya qarşı genişmiqyaslı əməliyyata başlaya bilər. Hərbi hazırlıq başa çatdıqdan sonra əməliyyata başlamaq üçün yalnız siyasi qərar tələb olunacaq”. Kəşfiyyat hücumun fevralın 16-da baş tutmamasına səbəb kimi isə Rusiya ordusunun hazır olmamasını göstərib. Qeyd olunub ki, Rusiyanın öz ərazisindəki hərəkətləri nə NATO, nə də Baltikyanı ölkələri təhdid edir. Lakin Qərb ölkələri istənilən halda Moskvanın qarşısını almalıdır.

“Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzi sədri Samir Hümbətov deyib ki, Rusiya Müdafiə Nazirliyinə istinadən yayılan məlumatlara əsasən, rus silahlı qüvvələrinin bir hissəsi təlimlərin başa çatması ilə əlaqədar olaraq qoşunların geri çəkilməsini həyata keçirir. 

Ekspert bildirib ki, uzun müddətdir dünya mediasında Rusiyanın Ukraynaya hücum edəcəyi ilə bağlı məlumatlar yayılmaqdadır. Amma Rusiya tərəfi bu məlumatı qəti şəkildə təkzib edir: 

“Görünən odur ki, Rusiya Ukraynaya hücum etmək niyyətində deyil, yaxud bu addımın ona böyük ziyan gətirəcəyini düşünür. Rusiya yaxşı başa düşür ki, indiki halda Ukraynaya müdaxilə edərsə, bu, dünya birliyi, xüsusilə də Qərb ölkələri tərəfindən işğal faktı kimi dəyərləndiriləcək. Qərbin ona qarşı sanksiyalar paketinin işə düşməsinə şərait yaradacaq. Ona görə də Gürcüstanda olduğu kimi digər variantı seçir, amma fərqli formada. İndi Rusiya Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” tanıdığı kimi qondarma Donetsk və Luqansk “respublikaları”nın da “müstəqilliyini” tanımağı hədəfləyir. Senari bundan ibarətdir ki, Rusiya sözügedən "respublikalar"ın “müstəqilliklərini” tanımağa çalışacaq. Daha sonra həmin "respublikalar"la təhlükəsizlik və əməkdaşlıqla bağlı müqavilə imzalayacaq. Bununla da Ukraynanın həmin əraziləri özünə birləşdirmək cəhdləri demək olar ki, tamamilə azalmış olacaq”.
Siyasi şərhçiyə görə, Qərb dövlətləri də Ukraynaya istənilən dəstəyi göstərmir: “Ukrayna-Rusiya məsələsində Qərb dövlətləri arasında ciddi fikir ayrılıqları yaşanır. Narahatedici digər məsələ Ukraynanın NATO-ya daxil olması məsələsində yetərli dəstəyi ala bilməməsidir. Düzdür ki, Rusiya Qərb dövlətlərindən təhlükəsizliyi ilə bağlı yazılı zəmanəti ala bilmədi, amma Qərb dövlətləri qarşısında geri də çəkilmədi. Digər tərəfdən Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında dialoqun qurulması cəhdi də məsələnin hərbi müstəvidən çıxıb siyasi müstəviyə qayıtmasına imkan yaratdı. İstisna etmək olmaz ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya sonuncu səfəri zamanı tərəflər arasında Rusiya-Ukrayna  böhranı müzakirə edilməsin. Türkiyə kimi Azərbaycanın da əsas məqsədi tərəflər arasında gərginliyi azaltmaq və məsələləri dinc yolla həll etməkdir. Gözləniləndir ki, tərəflər arasında bundan sonrakı mərhələdə yeni münasibətlər sistemi qurulacaq”.