Siyasi ədəbsizlikdir...

UNESCO erməni lobbisinin təsirinə düşərək hər yerdə “məhv edilmiş erməni mədəni irsi” axtarmağa çalışır

“Ermənistan UNESCO missiyasının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri ilə bağlı manipulyasiya edərək yenidən “buynuz” çıxarmağa çalışır”. Bu barədə “Şərq”ə açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. Analitik bildirib ki, fevralın 4-də keçirilən görüşdə UNESCO missiyasının Azərbaycana və Ermənistana göndərilməsinə dair razılıq ifadə edilib. Ancaq UNESCO erməni lobbisinin təsirinə düşərək hər yerdə “məhv edilmiş erməni mədəni irsi” axtarmağa çalışır: “Qurumun sözçüsü Tomas Mallard “Armenpress”ə deyib ki, qurum "Dağlıq Qarabağa" müstəqil texniki missiya göndərmək üzərində işləyir. İşlətdiyi “Dağlıq Qarabağ” ifadəsi qələtdir. 

Bu qələti bəlkə də bağışlamaq olardı. Düşünərdik ki, cənab Mallard özünün lüğət leksikonunu Cənubi Qafqazdakı yeni reallığa uyğunlaşdıra bilməyib. Ancaq səbəb nə olursa-olsun, UNESCO Mallardın timsalında Azərbaycanın hədəf tablosuna çıxır. Birincisi, təşkilatın nümayəndəsi Dağlıq Qarabağ dedikdə nəyi nəzərdə tutur? Axı belə bir ərazi vahidi yoxdur. Onun dediyi Azərbaycanın suverenliyinə hörmətsizlik, erməni propaqandasına xidmətdən başqa bir şey deyil.  İkincisi, təşkilat nə vaxtdan siyasi bəyanatlar verməyə başlayıb? UNESCO özünü Fransa Xarici İşlər Nazirliyinin bir departamenti kimi aparır və açıq-aydın erməni maraqlarına xidmət etdiyi görünür. “Dağlıq Qarabağ” ifadəsini də keçdik. Mallardın dediklərində gizlənən digər mahiyyəti də əfv etmək adekvat davranış olmaz”.

Ekspertin fikrincə, Azərbaycan belə bir missiyanın həyata keçirilməsi üçün 20 ildən artıq bir müddət ərzində israrlı şəkildə UNESCO-ya müxtəlif çağırışlar edib, bununla bağlı çoxsaylı məktublar ünvanlayıb: 

“Ancaq qurum özü 2005-ci il üzrə hesabatında etiraf edib ki, Ermənistan bu səfərin qarşısına sədd çəkib. Belə əsaslandırma aparıb ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır və səfərin məhz Ermənistan tərəfindən qarşısı alınıb. Qısası, təşkilat Azərbaycan torpaqlarının işğalda olduğu müddətdə Bakının müraciətlərini qulaqardına vurub. İndi isə fevralın 4-də əldə edilmiş razılığı saxta erməni tarixinin xeyrinə yönəldən birtərəfli operativlik nümayiş etdirir. Həmin müraciətlərə biganə qalan UNESCO indi, tez bir şəkildə ilk olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “tarixi erməni izləri”ni axtarmağa çalışır. Cənab Mallard qeyd edir ki, mədəni irs mövzusu siyasi alətə çevrilməməlidir, amma belə qərəzli operativliklə mövzunu ermənilərin xeyrinə calamağa çalışır ki, bunun özü siyasi ədəbsizlikdir”.