İrəvan pulsuzdur

200 milyon dollara ehtiyac var

Zəngəzur dəhlizinin işə düşməsi üçün təxminən 3 il zaman lazımdır

Ermənistan tərəfi yaxın vaxtlarda Azərbaycanla Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinə başlamağa imkan verəcək hüquqi sənəd imzalamaq niyyətində olduğunu açıqlayıb. Baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib ki, hazırda Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistandan keçən hissəsinin tikintisi ilə bağlı konkret işlər görülür:

“Texniki işlərə başlanılıb. Ümid edirik, əldə olunmuş razılaşmalar yaxın gələcəkdə sənəd şəklində öz əksini tapacaq və proses tam inkişaf edəcək”. Paşinyanın sözlərinə görə, hökumət Şimal-Cənub strateji avtomobil yolunun Qarakilsə-Qacaran (Sisian-Kacaran) hissəsinin tikintisinə başlamaq üçün tender elan edəcək: “Əlbəttə, siyasi razılaşmalar olarsa, Şimal-Cənub yolu da Azərbaycan, Ermənistan və Türkiyəni birləşdirə bilər”.

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Azərbaycanla Ermənistan arasında dəmir yollarının tikintisi ilə bağlı əsas problem İrəvanın maliyyə çatışmazlığı ilə bağlıdır. Analitik vurğulayıb ki, Zəngəzur dəhlizinin işə düşməsi üçün təxminən 3 il zaman lazımdır: 

“Dəhlizin inşası üçün 200 milyon dollara ehtiyac var. Hazırda prosesi dalana dirəyən əsas səbəb budur. Amma yaxın vaxtlarda problemin həll olunacağı şübhəsizdir. Hətta Ermənistan tərəfi investisiya ilə bağlı Azərbaycana müraciət edə bilər. Bu da gözləniləndir. Dəmiryolunun işə düşməsi Azərbaycandan daha çox Ermənistana lazımdır. Ona görə İrəvan da bu layihənin gecikdirilməsini istəmir”.