Azərbaycan ABŞ-la münasibətlərdə həmişə dürüst, açıq olub

İndi biz dünyanın nəhəng dövlətindən eyni duruşun sərgilənməsini gözləyirik

"Mən bu gün Gəncədə olmaqdan məmnunam".
Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer bildirib.
O deyib ki, Gəncəyə səfər etməkdə məqsəd texniki sertifikatlaşdırma proqramının məzunlarını təbrik etmək olub.
“Düşünürəm ki, bu məzunlar ən keyfiyyətli fındığın istehsalına töhfə verəcəklər. Bu gün məzun olan 35 iştirakçı 3 aylıq proqramda iştirak edib. Bu proqram çərçivəsində onlara fındıq becərilməsinin ən qabaqcıl metodları və texnologiyası öyrədilib. Bu proqram USAİD, İtaliyanın qənnadı şirkəti "Ferrero" və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib. Mən çox şadam ki, bu gün biz Azərbaycana qabaqcıl bilik və bacarıqlara yiyələnmiş 35 aqronom qazandırırıq. Bu, proqramımızın ilk məzun qrupudur. 

Azərbaycan öz iqtisadiyyatını inkişaf etdirdikcə, rifahını yüksəltdikcə, biz bu əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik. Bildiyiniz kimi bu il Azərbaycan və ABŞ diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Belə proqramların həyata keçirilməsində iştirak etmək ABŞ səfiri olaraq mənə qürur hissi verir. Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə səfər etmək mənim üçün hər zaman xoşdur”, - amerikalı diplomat vurğulayıb.

Keçmiş Qarabağ münaqişəsi zamanı bəzi hallarda ABŞ müəyyən etnik qüvvələrin təsiri ilə Azərbaycanın əleyhinə doğru olmayan fikirlər səsləndiriblər. Ancaq diplomatik münasibətlər 30 ildə xeyli dərəcədə irəliləyib. Bəs, bundan sonra Azərbaycan və ABŞ münasibətləri istənilən səviyyəyə çata biləcəkmi? 

Politoloq Tural İsmayılov “Şərq”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan balanslaşdırılmış xarici siyasət kursu həyata keçirir.
“Qoşulmama hərəkatı”nın sədri kimi dünyanın bir sıra siyasi qüvvələri ilə müxtəlif platformalarda əməkdaşlıq edirik. Azərbaycanın Türkiyə ilə Şuşa, Rusiya ilə Moskva Bəyannaməsini imzalaması hansısa ölkələrlə əlaqələri kəsməyi və kiməsə savaş açmağı demək deyil. Azərbaycanın ABŞ ilə də münasibətləri dürüst və açıqdır. Biz heç vaxt öz ərazimizdən Amerikaya qarşı siyasi və ya iqtisadi planların həyata keçirilməsinə icazə verməmişik. Eyni zamanda Azərbaycan neytral ölkə kimi NATO rəhbərliyi və Rusiya silahlı qüvvələrinin baş qərargahı arasında görüşlərin keçirildiyi məkana çevrilib. Bu baxımdan Azərbaycanın dürüst niyyətlərinə qarşı Amerika da eyni şəkildə davranmalıdır. Lakin təəssüf ki, Amerikadakı erməni lobbisi onun siyasi sisteminə bəzən çox dərin təsir göstərə bilir. Belə zamanlarda, ABŞ bizə qarşı haqsız fikirlər səsləndirir. Birləşmiş Ştatların dövlət departamentinin qeyri-obyektiv mövqe ortaya qoyduğu açıqdır. 

Amerikanın strateji tərəfdaşlarından biri də Avropa İttifaqıdır və onun enerji təhlükəsizliyində Azərbaycanın mühüm rolu var. TAP, TANAP və Cənub qaz dəhlizi bu ölkənin Avropanın enerji bazarındakı əhəmiyyətini göstərir. Bu da ölkəmizin siyasi qüvvə olaraq çəkisinin Qərb üçün nə qədər önəmli olduğunu göstərir.  

Azərbaycan Amerika ilə münasibətlərinin yaxşılaşması üçün addımlar atıb. Qarşı tərəfdən də Ermənistana qarşı sərt təzyiqlər olmalıdır. Xüsusən, Birinci Qarabağ müharibəsində əsir və itkin düşmüş vətəndaşlarımızın taleyi ilə bağlı Ermənistana təsir göstərməlidir. Nə qədər ki, Amerika erməni lobbisinin təsiri altında qərarlar verəcək, bu, iki ölkənin münasibətlərində arzuolunan səviyyəyə çatmağa əngəl törədəcək”.

Sənan İsmayıl